AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə edilib

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası ərazisində cari ildə beynəlxalq və yerli ekspedisiyanın apardığı arxeoloji tədqiqatların yekunları müzakirə edilib. Xəbər verilir ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvanda aparılan genişmiqyaslı arxeoloji qazıntılardan danışıb.

Bildirib ki, hər il olduğu kimi, bu il də ərazinin müxtəlif yerlərində beynəlxalq və respublika səviyyəli arxeoloji ekspedisiyalar tərəfindən tədqiqatlar aparılıb.

Akademik İsmayıl Hacıyev arxeoloji qazıntıların nəticələrinin həm Azərbaycan, həm də Naxçıvan tarixinin yenidən araşdırılması baxımından əhəmiyyətli olduğunu deyib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək may ayından başlayaraq yerli arxeoloqların Azərbaycan-ABŞ, Azərbaycan-Fransa beynəlxalq ekspedisiya üzvləri ilə birgə Naxçıvantəpədə, Uçan Ağıl yaşayış yerində, I Kültəpədə, Ovçulartəpəsində, Oğlanqalada tədqiqatlar aparıldığı barədə məlumat verib. O, tədqiqatlar zamanı ərazidən ocaq yerləri, keramika nümunələri, xeyli sayda dən daşları, obsidian və tikinti qalıqlarının aşkar edildiyini vurğulayıb.

Bildirilib ki, aşkar olunan və diqqəti cəlb edən boyalı, dırnaq və barmaq basqısı ilə naxışlanmış keramikalardan tədqiqat zamanı götürülən karbon analizləri onların eramızdan əvvəl V minilliyin birinci yarısına aid olduğunu göstərib.

Beynəlxalq ekspedisiya üzvləri Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində, Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli rayonlarının ərazilərində kəşfiyyat xarakterli araşdırmalar da aparıblar.

Vəli Baxşəliyev qeyd edib ki, beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının üzvləri əvvəlki illərdə Ovçulartəpəsi və I Kültəpə yaşayış yerindən aşkar edilən arxeoloji materialların tədqiqi ilə də məşğul olublar. Tədqiqatlar zamanı Kültəpənin Cənubi Qafqazda ən qədim Neolit məskəni olduğu müəyyən edilib. Azərbaycan-Fransa arxeoloqları əməkdaşlığının 10 illiyi ilə bağlı ötən il Bakı şəhərində sərgi açılıb və ekspedisiyaların nəticələri həmin sərgidə nümayiş olunub.

Oğlanqala yaşayış yerində aparılan tədqiqatlardan da bəhs olunaraq bildirilib ki, Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Avstraliyadan gəlmiş mütəxəssislərlə birgə həmin ərazidə arxeoloji qazıntılar aparıb.

Diqqətə çatdırılıb ki, arxeoloji ekspedisiyaların əldə etdiyi nəticələrlə bağlı kitablar və monoqrafiyalar nəşr olunub, beynəlxalq jurnallarda müxtəlif məqalələr dərc edilib. Bundan başqa, Fransada təşkil olunan beynəlxalq konfransda Naxçıvanda aparılan arxeoloji tədqiqatlarla bağlı 7 məruzə dinlənilib.

Vəli Baxşəliyev arxeoloji ekspedisiyanın təşkilinə hərtərəfli şərait yaradılmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Katherine Marro və ekspedisiya üzvlərindən, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Kamran Mehbalıyev çıxış edərək, ərazidə aparılan qazıntıların Azərbaycan arxeologiyası üçün əhəmiyyətli olduğunu vurğulayıblar.

Sonda arxeoloji ekspedisiyanın üzvləri sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə