Əli Əhmədov: "Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə şübhə doğurmasın"

Ermənistanın baş naziri Nikol Paşinyan, elə zənn edir ki, sosial problemlərin məngənəsində boğulmaqdan xilas olmaq üçün təxribat törətməklə nəyəsə nail olacaq. Amma bu küçə təfəkkürlü işğalçı ölkənin baş naziri, bir daha anlamalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətli mövqeyini bildirib və bu gün də bildirir.

Hərbi hissədə əsgərlərlə görüşən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov qeyd edib ki, görüş zamanı bir daha ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum. Onlar əsl igidlərdir: "Məlum aprel döyüşlərini yaradan igidlər. Azərbaycan fəxr edə bilər ki, belə ordumuz, belə qəhrəman əsgərlərimiz var. Bu cəngavərlərin qarşısında heç kim duruş gətirə bilməz. Bunu ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik və gücsüzlük komplekslərini ört-basdır etməyə çalışırlar. Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri, ordumuzla fəxr edib qürur duymaq əvəzinə, Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər. Onlara nə ad verək, əziz dostlar, bəlkə siz deyəsiniz?"

Ə.Əhmədov əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə şübhə doğurmasın: "Münaqişəni həll etmək üçün danışıqlar prosesində iştirak etməyimiz, danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir. Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək".

Erməni xalqı artıq Paşinyana inanmır

Çünki hay-küylə küçədən hakimiyyətə gələn Nikol Paşinyanın, bu günə kimi, nə verdiyi vədlərə əməl olunub, nə də ölkənin xarici siyasətində bir yenilik olub. Məhz bu səbəbdən də, bu gün artıq sadə erməni vətəndaşı bir daha anlayır ki, belə bir vəziyyətin yaranmasının əsl günahkarı öz şəxsi ambisiyalarını düşünən rəhbərlərdir. Bu gün əvvəlki rəhbərlərdən geri qalmayan küçə təfəkkürlü Nikol Paşinyan da eyni vədlər, eyni pafoslu çıxışlar, sərsəm bəyanatlar verməklə məşğuldur. Nəticədə, bu gün işğalçılıq siyasəti yürüdən Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmaması və bunu da saxta tarixə əsaslandırılmış faktlarla ört-basdır edilməsi, məhz Ermənistan dövlətinin regionun lider dövləti olan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyə tərəfindən regiondakı bütün layihələrdən kənarda qalmasına səbəb olub. Bu isə, öz növbəsində, Ermənistanın iqtisadi inkişafına təsirsiz ötüşmür. Bu gün işğalçı dövlət daha çox Rusiyadan və ölkəyə erməni diasporu tərəfindən yatırılan pullardan asılı vəziyyətə düşüb.

Sözsüz ki, uzun müddət Ermənistanı, məhz bu vəziyyətdə saxlamaq, istər erməni diasporu, istərsə də Rusiya üçün iqtisadi cəhətdən əlverişli deyil. Bu yardımların kəsilməsinin əsas səbəblərindən biri də erməni hakimiyyətinin ayrılan maliyyəni necə istifadə etməsidir. Ölkəni idarə edənlərin, məhz Qarabağı işğal edən və orada vəhşiliklər törətmiş insanlardan ibarət olması hakimiyyətin, hansı səbəbdən, Qarabağ problemini uzatmasına səbəb olur.

Digər maraqlı məqam isə, ondan ibarətdir ki, Paşinyan hakimiyyəti, məhz öz xalqına münasibətdə də aqressiv mövqedədir. Həyata keçirilən siyasətdə xalqın güzəranı nəzərə alınmır və şəxsi maraqlar üzərindən islahatlar həyat keçirilir. Son dövrdə Ermənistanın üzləşdiyi qaz problemi, artıq ölkədə digər problemləri də üzə çıxarmaqdadır. Ölkədəki problemlər səbəbindən, miqrasiya artıq Ermənistanın qarşısında böyük problemə çevrilmişdir.

Putindən Paşinyana maraqlı "sürpriz"

Siyasi analitiklərin sözlərinə görə, Paşinyanın başı hələ çox qalmaqalda olacaq. Elə bu günlərdə Rusiyanın növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyana "sürpriz" etməsini bildiriblər. Belə ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryana 65 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Politoloqların sözlərinə görə, dünyanın aparıcı ölkəsinin prezidentinin, başqa ölkənin cinayətdə suçlanaraq həbsə atılmış prezidentini təbrik etməsi, sıradan bir məsələ deyil. Onu da, xatırladaq ki, bu, məhbus Koçaryana Putinin ilk təbriki deyil. Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Komitəsi tərəfindən 2008-ci ilin mart ayında konstitusiya quruluşunu devirməkdə və külli miqdarda rüşvət almaqda günahkar bilinən R.Koçaryan ilk dəfə 2018-ci ilin iyununda həbs edilmişdi. O zaman, hətta Rusiya XİN-in başçısı Sergey Lavrov da N.Paşinyanı siyasi rəqiblərinə qarşı qisasçılıqdan çəkinməyə və həbsləri dayandırmağa çağırdı. Bundan sonra Koçaryan həbsdən buraxıldı və ad günü münasibətilə ilk təbrik zəngi V.Putindən gəldi. Lakin sonradan Koçaryanın növbədənkənar parlament seçkiləri ilə bağlı revanşa hazırlaşması və sərt bəyanatları Paşinyanı narahat etdiyi üçün dekabr ayında eks-prezidentlə bağlı növbəti dəfə həbs-qətimkan tədbiri seçildi.

"Ermənistanın formal müstəqillik qazanandan sonra ayaqda durmasında və işğal rejimini davam etdirməsində, sözsüz ki, Rusiya həlledici rol oynayan dövlətdir". Bu fikirləri rusiyalı ekspert Vitali Arkov deyərək bildirib ki, Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır: "Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda verdiyi bəyanatlarla qəsdən Azərbaycanı müharibəyə təhrik edərək, işğalçıdan dönüb məzluma çevrilmək istəyir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə, hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə, Ermənistan əhalisi çəkir. Deyilənə görə, 2020-ci ildən Rusiya Ermənistana satacağı təbii qazın min kubmetrinin qiymətini 165 dollardan 220 dollaradək qaldırmaq istəyir. Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Son zamanlar onun nüfuzunun itdiyi müşahidə edilir. Onun başçılıq etdiyi hökumətin real fəaliyyət proqramı da mövcud deyil. Ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən, Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını belə sənədlərin sirrini açmaqla qatmaq istəyir. Lakin bu vəziyyət uzandıqca, o özünü də çaş-baş vəziyyətə salır. Belə davam edərsə, bundan sonra onun ölkə ictimaiyyətinə yalanlar danışıb, şər-böhtan kampaniyasına başlayacağı gözlənilir. Nəticədə, bu gün Ermənistanda 1999-cu ilin oktyabrı, 2008-ci ilin martı və 2018-ci ilin mayının təkrarlanacağı istinsa olunmur".

Paşinyan Moskva üçün əlavə yükə - "qulpsuz çamadan"a və "başağrısı"na çevrilməkdədir

Baş verənlər, xüsusilə də, hakimiyyətə gəldiyi gündən Paşinyan sərsəm bəyanatları ilə Rusiyaya ancaq çətin daşınan əlavə yükə - "qulpsuz çamadan"a, "başağrısı"na çevrilməkdədir. Xüsusən də, NATO üzvü Türkiyə ilə Rusiya arasında münasibətlərin dinamik inkişafda olması, Moskva və Ankara arasında etimadın daim yüksəlməsi "bahalı Ermənistan" layihəsini Kreml üçün az arzulanan edir. Çoxsaylı hərbi kontingent saxlamaq üçün Ermənistanı bəsləməyi mənasız duruma gətirir.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında sensasion bir ifadə işlədib: "Biz yanğınsöndürən komanda deyilik ki, daim kimisə xilas edək. Xüsusən də, haranı ki, orada bizdən az şey asılıdır".

Əslində, bu, Paşinyana göndərilən ismarıcdır ki, Moskvaya çox bel bağlamasın - o cümlədən, Qarabağ məsələsində. Və hər bir dövlət kimi, Rusiya da öz dövlət maraqları naminə, günün birində Ermənistanı Azərbaycanla təkbətək də qoya bilər. Ən azından, Bakıya lazım olan müddətdə, yəni Dağlıq Qarabağ probleminin, qısa zamanda, güc yolu ilə həlli üçün gərəkən zaman kəsiyi üçün.

Söz düşmüşkən, Paşinyan çıxışlarında vaxtaşırı inamla belə ifadə işlədir ki, "Rusiya Azərbaycana müharibə aparmağa imkan verməz". Bu İrəvandakı müharibə xofu ilə yanaşı, həm də işğalçı ölkənin Rusiya tərəfindən taleyin ümidinə buraxıla biləcəyindən yana təlaş sayıla bilər.

Bu yerdə fransız yazıçısı və səyyahı Aleksandr Düma bu etnosa verdiyi belə bir qiyməti oxucularımızın nəzərinə çatdırırıq: "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə, öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər". Bax, bu baxımdan da, Rusiya da öz dövlət maraqlarını hər şeydən üstün tutduğu üçün, Ermənistana dayaq ola bilməyəcəyi aydın şəkildə "görünür".

Göründüyü kimi, N.Paşinyan öz ölkəsinin Rusiyanın forpostu olmadığı görüntüsünü yaratmağa çalışıb. Putinin Qarabağ klanının lideri R.Koçaryanı açıq şəkildə müdafiə etməsi qarşılığında erməni baş nazirin mövqeyi maraqlı perspektivlər vəd edir. Rusiyanın mətbu orqanlarının yazdığına görə, artıq 31 avqustdan etibarən Paşinyana vaxt verilib ən azı səhvini düzəlsin və "Putinin dostu"nu həbsdən buraxsın. Nikol odla-su arasında qalıb, bir tərəfdə qəzəbli Rusiya, digər tərəfdə Rusiyadan dəstək alan və ondan qisas alacağını bəyan edən Qarabağ klanının cani lideri... Bir aylıq vaxt var. Bütün hallarda görünən odur ki, bu payız Ermənistanda çox maraqlı proseslər baş verə bilər..."

Zəbt olunan Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi "seçki"nin bəlaları

Bütün bu qələtlərdən sonra Paşinyan sərsəm siyasəti ilə Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr tarixində "yerli özünüidarəetmə orqanlarına seçkilər" adı altında növbəti "seçki şousu" təşkil etməsi işğalçı ölkəni hələ çox çətin duruma salacaq. Qondarma xuntanın saxta "rəhbərləri" olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya pərdəsi altında gizlənənlər, bir reallığı anlamalıdır ki, işğalçı Ermənistan və qanlı xunta belə "seçkilər" keçirir və bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Bu cür seçkilərin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaqdır.

Əgər belə davam edərsə, haqqın və ədalətin yanında olan Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini, sülh danışıqları ilə deyil, müharibə yolu ilə azad etməklə təmin etməli olacaq. Çünki beynəlxalq Konvensiyalar, o cümlədən, qətnamələr də müvafiq reallığı əks etdirməkdədir. Bütün bunların qarşısının alınması üçün isə, beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır. Əks halda, daxilində siyasi -iqtisadi böhranlar, hakimiyyətdaxili çarpışmalar yaşayan Ermənistan gözləmədiyi yerdən çox ağır zərbə dadmalı olacaq!

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə