"İndoneziya Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir"

Avqustun 23-də İndoneziyanın Azərbaycandakı səfirliyi sentyabrın 11-15-də Bakıda keçiriləcək 4-cü İndoneziya mədəniyyət festivalı ilə bağlı tədbir təşkil edib. AZƏRTAC xəbər verir ki, İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani festivalın sentyabrın 11-də Heydər Əliyev Sarayında, 13-15-də isə Fəvvarələr meydanında keçiriləcəyini bildirib. Səfir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, budəfəki festival da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələri Azərbaycanda təqdim edəcək. Bu festival İndoneziya xalqını Azərbaycanda daha yaxından tanınmasına mühüm töhfə verəcək. Festivalda İndoneziyanın Təhsil və Mədəniyyət, Gənclər və İdman, eləcə də aidiyyəti digər nazirlikləri təmsil olunacaq. Eyni zamanda, İndoneziyadan iqtisadiyyat, turizm və digər sahələri təmsil edən iş adamları da Azərbaycana gələcəklər. Musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalda iştirak edəcəklər.

Belə tədbirlərin ölkələrimiz arasında münasibətlərin səviyyəsini də nümayiş etdirdiyini vurğulayan diplomat festivalda Azərbaycan Dillər Universitetinin tələbələrinin də çıxış edəcəklərini bildirib: “Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir. İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır. Azərbaycanın müstəqilliyinin bərpasından ötən 27 ildə ölkələrimiz arasında əməkdaşlıq genişlənib və bu gün də sürətlə inkişaf edir”.

Ölkəsinin Azərbaycanı hər zamanı dəstəklədiyini deyən səfir vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İndoneziya parlamentinin sədri yaxın günlərdə Bakıda səfərdə olub və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Tədbirdə iştirak edən İndoneziya parlamentinin nümayəndəsi Həsən Hüseyn ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıqdan bəhs edib. O deyib ki, dövlətlərarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrində də özünü göstərir.

Təqdimat mərasiminin sonunda İndoneziyanın milli musiqiləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə