Sosialyönümlü layihələr əhalinin özünüməşğulluğunu təmin edir

Cari ildə 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub

Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində, bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da, sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Bu gün sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır ki, bu da, ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu əks etdirən amillərdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ölkədə sahibkarlığın inkişafında yeni mərhələ oldu və sahibkarlığın inkişafı üçün geniş imkanlar açmış oldu. Həyata keçirilən tədbirlərin, reallaşan dövlət proqramlarının davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlər sırasında əhəmiyyətli Sənəddir. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də, kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaratmış oldu. Azərbaycanda, məhz dövlət səviyyəsində və bütün ölkəni əhatə edə biləcək şəkildə, geniş formada özünüməşğulluq proqramı icra olunur. Bu sahədə görülən tədbirlər ölkədə ailə biznesinin genişlənməsində, nəticə etibarilə sosial-iqtisadi inkişaf proseslərində vətəndaşların fəal iştirakının təmin olunmasında, kiçik və orta sahibkarlığın inkişafında növbəti irəliləyişlərə əsas yaradır.

Təbii ki, özünüməşğulluq proqramının praktik icrası nəticəsində, artıq kifayət qədər göstəricilər var. Belə ki, özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan təlim kursları keçirilir, uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə - mal və materiallarla təminatı reallaşır.

AİLƏ TƏSƏRRÜFATLARINA, KİÇİK VƏ ORTA SAHİBKARLARA DƏSTƏK LAYİHƏLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ SAĞLAM BİZNES MÜHİTİNİ YARADIB

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasında əhəmiyyətli rol oynadı. Sosialyönümlü layihələr həyata keçirən "ABAD" (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönəlib. "ABAD" publik hüquqi şəxsin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. Layihələrə cəlb olunan insanlar müəyyən müddətdən sonra heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, tərəvəzçilik (istixana) və pərakəndə satış kimi istiqamətlər üzrə uğurlu şəkildə özünməşğulluq fəaliyyəti qurublar.

"Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamının yüksək səviyyədə icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar, müvafiq normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində ardıcıl işlər görülüb. Bu gün ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi sağlam biznes mühitini yaradıb. Təbii ki, bu da, fərdi təsərrüfata sahib olan iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən, biznes imkanlarına malik olmaları üçün yaradılan şərait onlarda məmnunluq hissini yaradır.

Məlumdur ki, Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" təsdiq edilib. Sərəncama əsasən, Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

CARİ İLDƏ 10 MİN AİLƏNİN ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI İLƏ ƏHATƏ EDİLMƏSİ PLANLAŞDIRILIR

Sözügedən Strategiyaya əsasən, həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan hədəflər müəyyənləşdirilib. Belə ki, iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulub. 2030-cu ilədək işsizliyin səviyyəsinin 4 faizə, o cümlədən, qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirilməsi nəzərdə tutulub. Yüksək əlavə dəyər yaradan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə, iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və 2030-cu ilədək əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaq nəzərdə tutulub. 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarını hazırlamaq, onların müntəzəm yenilənməsi mexanizmini yaratmağa nail olunacaq.

Qeyd edək ki, dövlət başçısının göstərişi ilə bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində, 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə edib. Əlavə olaraq, BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə, məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin ediləcəkdir. Cari ilin sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq.

Bu il, artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata istinadən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.

Cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən məcburi köçkünlərdən, artıq 750-yədək şəxs özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla, bu proqrama cəlb edilib.

Onlar üçün kiçik biznesin qurulması və idarə edilməsi üzrə təlim kursları təşkil olunub. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün, artıq aktivlər verilməsinə başlanıb. Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və bu işlər çərçivəsində ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayı da artacaq.

Əhalinin məşğulluq imkanlarının artırılması, bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali təbəqələrinə dövlət qayğısının artırılması yönündə həyata keçirilən tədbirlər insanlarda məmnunluq yaradır. Ailə biznesinin qurulması və inkişafı da sosialyönümlü layihələr sırasında uğurlu hesab olunur. Təbii ki, bunun böyük nəticələri var. Ekpertlərin qənaətinə görə, iqtisadi böhran şəraitində ailə biznesi modeli ilə işləyən strukturlar daha etibarlı və dayanıqlı olur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə