İctimai-siyasi fəaliyyəti ilə örnək olan Azərbaycanın Birinci Xanımı

Mehriban Əliyeva: "Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm"

Həyatda özünü əməli fəaliyyətlə doğrultmaq, yüksək imic sahibi olmaq, ölkəninin ictimai-siyasi və mədəni həyatında sözünü demək güclü iradə, böyük istedad və yaradıcılıq tələb etdiyi kimi, vətənə olan ülvi sevginin də olması vacib şərtdir. Belə bir fəaliyyət sərhədləri aşır, bir qitədən digər bir qitəyə yollar açaraq, Odlar Diyarı haqqında məlumatları dünya ölkələrinə çatdırır. Özü də dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulan əlaqələrdə Azərbaycan həqiqətlərini paylaşmaq, müxtəlif dinə, əqidəyə sahib ölkələrə olduğu kimi çatdırmaq nə qədər çətin və məsuliyyətli olsa da, bunun arxasında olan mənəvi rahatlıq və vətən xidmət insana tükənməz enerji bəxş edir. Bu gün dünyada Azərbaycanın Birinci Xanımı kimi tanınan və böyük nüfuza malik olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva ictimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyəti, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqəti və s. geniş layihələri ilə yorulmadan çalışır və vətənə xidməti ali məqsədinə çevrilib. Milyonlarla insanın sevgisini qazanmış Azərbaycanın Birinci Xanımının hər bir əməli və fəaliyyəti humanizm prinsiplərinə söykənir.

Mehriban xanım Əliyeva ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də, tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif

proqram və layihələri reallaşdırır. Sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə dəstək verilməsi üçün ardıcıl və əhatəli layihələr və proqramlar həyata keçirilir.

"BİZİM HƏYATA KEÇİRDİYİMİZ HƏR BİR LAYİHƏ, İLK NÖVBƏDƏ, VƏTƏNDAŞLARIN MARAQLARINI QORUMAĞA, KÖMƏYƏ EHTİYACI OLAN İNSANLARA YARDIM ETMƏYƏ YÖNƏLİB"

"Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə, müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır" deyir Mehriban xanım Əliyeva. Odur ki, valideyn himayəsindən və ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək, onların asudə vaxtının səmərəli təşkili üçün, mütəmadi olaraq, həyata keçirilən tədbirlər Heydər Əliyev Fondunun diqqət mərkəzində saxladığı məsələlərdəndir. Mehriban xanım Əliyevanın xeyirxah missiyasının davamı olaraq, Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan verir. Fondun mühüm sosial layihələrindən biri olan "Məzun Evi" Sosial Müəssisəsidir. Müəssisədəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olmuş 243 gənc mənzillə təmin edilib.

"Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Azərbaycanın Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. Mehriban Əliyeva bildirib ki, fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə, müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır. Fondun fəaliyyət göstərdiyi dövr ərizində, bu sahədə çox işlər görülüb. Bu gün sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsiləri olan Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı internat evləri fəaliyyət göstərir. Fiziki və əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulan həmin internat evlərində, ümumilikdə, 300-dən artıq uşaq tam dövlət himayəsində yaşayır.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təmsil olunduğu bütün sahələrdə fədakar fəaliyyəti ilə seçilir. "…Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə, özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur" deyən Mehriban Əliyeva böyük işləri və amalları ilə diqqətdədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilən "Regional İnkişaf" İctimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılması kimi məsələləri, əsas məqsəd kimi, qarşıya qoyaraq elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir. Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa, köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib: "Regional İnkişaf" İctimai Birliyini təsis edərkən, əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaraq, insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq".

DÜNYƏVİ MÜSƏLMAN ÖLKƏSİ OLAN AZƏRBAYCAN YALNIZ XRİSTİAN ALƏMİNƏ AİD MÜQƏDDƏS YERLƏRİN VƏ TARİXİ-MƏDƏNİ ABİDƏLƏRİN BƏRPASINDA İŞTİRAK ETMİR, EYNİ ZAMANDA, ÜMUMDÜNYA ƏHƏMİYYƏTLİ ABİDƏLƏRİ BƏRPA EDİR

Millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək, cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Liderin ali ideallarını özündə ehtiva edir. Azərbaycanın Birinci Xanımının fəaliyyəti aşılmaz sayılan sərhədləri belə adlayır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsələri də bərpa edilib. Mehriban xanım Əliyevanın, müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri də bərpa edir. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir. Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Qeyd olunan layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb. Layihənin digər tərkib hissəsi "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzi inşa olunub. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda görülən işlər, məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa olunmuşdur.

Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.

Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə və nüfuza malik olan Azərbaycan dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, üstünlük verərək, sülsevər siyasətini dünyaya göstərir. Heydər Əliyev Fondunun 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlaması və Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikdirməsi görülən işlərin davamıdır.

ÖLKƏMİZDƏN KƏNARDA APARDIĞI XEYRİYYƏÇİLİK İŞLƏRİ BEYNƏLXALQ ALƏMDƏ QİYMƏTİNİ ALIB

Həyatın müxtəlif sahələrindəki roluna və fəaliyyətinə görə, bir çox mükafatlara layiq görülüb. Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub-saxlanmasına verdiyi töhfələrə görə, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb. Sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə, ISESCO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, Heydər Əliyev Mükafatı ilə təltif edilib.

Onun Fransanın "Şərəf Legionu» ordeni, Küveytin "Fəxri diplom"u, Polşanın "Xidmətlərə görə" ordeni, Serbiyanın "Sreten" ordeni, Pakistanın "Hilal-e-Pakistan" ordeni və s. ilə təltifi gördüyü işlərə verilən qiymətdir.

Rusiya ilə də əlaqələrin daimi diqqətdə saxlanılmasını vurğulamaq yerinə düşər. Elə bu yaxınlarda Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunması Onun fəaliyyətinə və əməyinə verilən qiymətdir. Elə Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də bu əməllərdən qaynaqlanır.

Mehriban Əliyevanın təşəbbüsü ilə 2012-ci ilin sentyabrında Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində "Volqoqrad-Bakı Dostluq Parkı" istifadəyə verilmişdir. Onu da vurğulayaq ki, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdü. Daha sonra "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" Diplomu və Xatirə nişanı ilə təltif edilib.

DÖVLƏTÇİLİYİMİZ TARİXİNDƏ AZƏRBAYCANIN BİRİNCİ XANIMI STATUSU

Azərbaycan dövlətçiliyi tarixində, ilk dəfə olaraq, Birinci Xanım statusunu, məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına Birinci Xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır. O, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Müsahibələrinin birində Birinci Xanım

olmaq yükünün nə dərəcədə ağır olduğunu belə izah edir: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür".

Azərbaycanda son illər ərzində formalaşmış Birinci Xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mehriban Əliyevanın xalq üçün gördüyü işlərin miqyası geniş və olduqca əhəmiyyətlidir. "Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm" deyir Mehriban Əliyeva.

Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində, məhz millətə layiqli xidmət məramı dayanır.

AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ FƏDAKAR ƏMƏYİ İLƏ DAİM SEÇİLİR

Uzun illər ölkənin ictimai-siyasi, mədəni-humanitar və sosial həyatında mühüm və fəal rol oynayan Mehriban Əliyeva Prezident İlham Əliyevin 2017-ci il fevralın 21-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. "...Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı Ona böyük rəğbət və sevgi ilə yanaşır" bu sözləri Azərbaycan Prezidenti Cənab İlham Əliyev Mehriban xanım Əliyevanın ünvanına söyləyib. Artıq Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən qısa müddətdə, əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb. Birinci vitse-prezident kimi fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan edən Mehriban xanım Əliyeva mərhəmətsizlik və laqeydliyin qorxulu anlayış olduğunu diqqətə çatdıraraq, istər

ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayıb. O, vitse-prezident kimi, ilk addımını ən çətin sahədə atmış oldu. Belə ki, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atdığı ardıcıl addımlar öz nəticəsini verib. Birinci vitse-prezidentin diqqət və qayğısı sayəsində "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Artıq layihə çərçivəsində çoxlu sayda mənzil məcburi köçkün soydaşlarımızın ixtiyarına verilib.

Ötən müddət ərzində, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mühüm layihələrdən biri də 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunması oldu. Hər birinə fərdi yanaşma nümayiş etdirilərək, fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və fərdi tələbləri əsasında aprel döyüşlərinin xəsarət almış qəhrəmanları yüksək texnologiyalara əsaslanan müasir protezlərlə təmin edildi.

HƏR İŞDƏ PEŞƏKARLIQ

Ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı İlham Əliyevin, ardıcıl olaraq, həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Azərbaycanın sürətli inkişafı ölkəmizdə idman hərəkatının daha geniş vüsət almasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq, idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya Hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, Birinci Avropa Oyunları Bakıda keçirildi. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi, həm də ölkəmizin

idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanırdı. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın Sədr təyin edilməsi, artıq hər şeyi demiş oldu. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində "Eurovision" tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı. Mehriban Əliyeva, üzərinə düşən öhdəliyi böyük məsuliyyətlə yerinə yetirdi. Hər işdə peşəkar olduğunu bir daha göstərdi. 2017-ci ildə isə paytaxtımızda keçirilən İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Mehriban Xanım Əliyevanın Sədrlik etməsi də, əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin ən böyük idman hadisəsi olduğuna şübhə yaratmadı.

2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib.

"HƏR BİR CƏMİYYƏTDƏ MƏRHƏMƏT, İNSANPƏRVƏRLİK, QAYĞI KİMİ HİSSLƏR ƏSAS YER TUTMALIDIR"

Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu illərdə amnistiya təşəbbüsləri də cəmiyyətimizdə geniş rezonans doğurdu və bu, Mehriban xanımın humanizm prinsiplərinə sadiqliyini təsdiq etmiş oldu. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya Aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, minlərlə məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti, məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir" deyir Mehriban xanım Əliyeva. Onun simasında Azərbaycan qadını, humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımıza töhfələr verir.

Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir insan olduğunu dünya ictimaiyyətinə bir daha sübut edir. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan Qadınıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...