Ermənistanda narazılıq getdikcə artır

Ermənistanın əsas turizm bölgəsi hesab edilən Cermukda vəziyyət gərgin olaraq qalır. SİA erməni KİV-lərinə istinadla xəbər verir ki, sakinlər ərazidəki dağ-mədən şirkətinin fəaliyyətini dayandırmasını tələb edirlər.

Onlar şəhərin əsas giriş hissəsini bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, Cermukun dağ-mədən sahələrində fəaliyyət göstərən xarici şirkətlər şəhəri iflic vəziyyətə salıblar. Şirkət ərazidə fəaliyyət göstərəndən sonra təbiət məhv olmağa başlayıb. Narazı kütlə, eyni zamanda, Cermuk məsələsinə görə Ermənistan parlamenti qarşısında saxlanılan aksiya iştirakçılarının azadlığa buraxılmasını tələb edib.

Bundan başqa, Yerevanda Paşinyan iqtidarına etiraz edən insanlar Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin qarşısında aksiya keçirməyə başlayıblar. Etirazçılar Almaniya, Fransa və İtaliya səfirliklərinin qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları bildiriblər ki, əhali artıq Paşinyana və komandasına inanmır, çünki onlar xalqa verdikləri vədə əməl etmədilər. Qeyd edilib ki, Ermənistan hazırda ən ağır günlərini yaşayır. Ölkədə məmur özbaşınalığı, rüşvətxorluq və işsizlik tüğyan edir. Orduda komandirlərə qarşı işgəncə halları artıb. Vətəndaşlar məhkəmə sistemindən və polis zorakılığından cana gəliblər. Sakinlər qeyd ediblər ki, Avropa ölkələri Paşinyanın seçiciləri ilə necə davrandığının şahidi olsunlar. Bu səbəbdən Ermənistanda yeni baş nazirə ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə