Cəbrayıllılar doğma yurdlarına qayıdacaqlarına inanırlar

Bu gün Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayılın işğalının 26-cı ildönümü ilə bağlı keçirilən anım mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, anım tədbirindən əvvəl Şəhidlər Xatirə Kompleksi önünə gül dəstələri düzülüb.

Rayonun rəhbər işçiləri, idarə, müəssisə əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin qatıldığı tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, Cəbrayılın işğalı nəticəsində 52 min 400 sakin doğma yurdundan didərgin düşərək respublikanın 54 şəhər və rayonunda məskunlaşıb. Cəbrayılın müdafiəsi zamanı 368 nəfər şəhid, 230 nəfər əlil olub, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb.

Tədbirdə Prezident İlham Əliyevin məcburi köçkünlərə qayğısından da söhbət açılıb, Biləsuvar rayonu ərazisində 11 müasir tipli qəsəbənin salındığı və bu qəsəbələrdə 20 minə yaxın cəbrayıllının yerləşdiyi diqqətə çatdırılıb.

Çıxışlarda işğaldan azad olunan Cocuq Mərcanlının Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində yenidən qurulmasından, kənd sakinlərinin doğma yurdlarına qayıtmasından da bəhs olunub. Vurğulanıb ki, dövlətimizin başçısının uğurlu siyasəti, ölkəmizin artan iqtisadi və hərbi qüdrəti nəticəsində tezliklə ərazi bütövlüyümüz bərpa olunacaq, bununla da ədalətsizliyə son qoyulacaq. Bildirilib ki, cəbrayıllılar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər və o gün uzaqda deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə