Azərbaycanda şəhid ailələrinə diqqət və qayğı davamlıdır

Prezident İlham Əliyev: "Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin"

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən, müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Vurğulamaq yerinə düşər ki, Ulu Öndərin təşəbbüsü ilə "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanun qəbul olunmuşdu və bu qanun, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bu gün Ulu Öndərin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən bu günə kimi görülən işlər bunu sübut edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə, birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrasının nəticəsi olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. Bu günə qədər birdəfəlik ödəmənin təminatı 93 faiz icra edilib.

ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI İLDƏN-İLƏ ARTIR

"Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" 15 aprel 2019-cu il tarixli Fərmanda isə müharibə veteranlarına Prezidentin aylıq 80 manat məbləğində təqaüdü təsis olundu. Bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət və pensiya ilə yanaşı, Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. 28 yanvar 2019-cu il tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. Eləcə də, 18 mart 2019-cu il tarixli Sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə, bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır. Qeyd edək ki, təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər və yeni evlər verilmişdir. Cari ildə də əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcək. "Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə və mənzillərlə təmin ediləcəklər" deyən dövlət başçısı bildirib ki, bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin. Bununla yanaşı, əlillərin minik avtomobilləri ilə təminatı həyata keçirilir. Minik maşını ilə təmin olunan əlillərin də sayı ildən-ilə artır. Bu günə qədər 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir.

"MƏN ŞƏHİD AİLƏLƏRİNƏ MƏNZİLLƏRİN, AVTOMOBİLLƏRİN AÇARLARINI ŞƏXSƏN TƏQDİM ETMİŞƏM VƏ BUNU ÖZÜM ÜÇÜN BORC BİLİRƏM"

Şəhid ailələri ilə görüşdə şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin Onun fəaliyyətində daim prioritet təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bundan iki gün sonra imzaladığı 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün 242 manatdan 300 manata, eləcə də, Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdünün 21 fevral 2019-cu il tarixli Fərmanla 220 manatdan 300 manata çatdırılması ilə davam etdi. Bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Dövlət başçısı şəhid ailələri ilə görüşü zamanı, vurğuladığı kimi, Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin: "Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində, şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir".

Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu siyasət davamlı xarakter daşıyır. Azərbaycan dövləti bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır və sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə