Masallının Musaküçə kəndindəki qollu-budaqlı nil ağacları...

Tarix heç vaxt yaddan çıxmır. Lap uşaq yaşlarımdan yaddaşımda qalan Masallı rayonundakı Çapayev adına kolxozun - Musaküçə kəndinin yeddi sakini - Əjdər Baba oğlu Əhədov, Böyükxan Nüsrət oğlu Seyfullayev, Mican Məmmədrza oğlu Rzayev, Heybət Hüseyn oğlu Əzizov, Əli Ağababa oğlu Ağayev, Reyhan Ağadədə qızı Abbasova (iki dəfə Lenin ordeninə layiq görülmüşdür) və Museyib Əbilqasım oğlu Qasımov 1947-ci ildə kolxozda tütün planını 252% yerinə yetirildiyi üçün şəxsən Stalinin əmri ilə təltif olunmuş və ölkənin ən ali mükafatı sayılan Lenin ordeninə, Sosialist Əməyi Qəhrəmanının Qızıl Ulduzuna layiq bilinmişlər. Əlbəttə, böyük Sovetlər dönəmində bu təltifi almaq böyük şöhrət idi ki, bu da musaküçəlilərə nəsib olmuşdu. 1940-1970-ci illərdə kənd "Sədri düyüsü"ylə də bütün ölkədə ad qazanmışdı. Hələ qırmızı "Ümumittifaq soğanı"nı demirik... Bununla belə kəndin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və qismən həsirçilikdir. Ümumiyyətlə, musaküçəlilər işlək adamlardır. 800-810 il bundan əvvəl Viləş çayı indiki Musaküçə kəndinin yerindən axıb. Kənd coğrafi mövqeyinə görə düzənlikdə, Talış dağlarının aşağı ətəyində yerləşir.

Bəs, kəndin adının mənası nədir? Çayın kənarı ilə köçəri yolu olmuş, ən qısa yolla Məşhədə, Kərbəlaya gedənlər buradan keçmiş Musa adlı bir şəxs öz tayfası ilə əlverişli yerdə məkan tutaraq yurd salmışdır. Bu tayfanın başçısı həm dindar, həm də molla olmuşdur. Sonda burada məskən salan adamlar çayın sahilində qındarğılığı, yəni yabanı bitmiş kiçik boylu ağacları təmizləyərək bu yerə Molla Musanın adını vermişlər. Buna görə də “Musaküçə” sözü ilk sakin kimi Musa kişinin adı ilə adlandırmışlar. Musa – adam adı, küçə sözü isə yurd, məskən deməkdir. Musa kişi isə subasardan aralı – hazırki qəbiristanlıqda olan ocağın yerində basdırılmışdır. Hazırda bu ocaq qalır və “Molla Musa ocağı” adlandırılır. Kənd qəbiristanlığında yerləşən “Molla Musa ocağı”nın tarixi kəndin salınma tarixi ilə eynidir: 1200-1210-cu illər. Qəbiristanlığa yaxın isə kənd məscididir.

SİA-nın məlumatına görə, hazırkı məscid kəndin tarixi abidəsi sayılır. Məscid yerli istehsal sahəsi sayılan bişmiş kərpicdən tikilib. Yaşlıların dediyinə görə bu məscid köhnə torpaq məscidinin yerində tikilmişdir. İnşası 1902-ci ildə başlamış və 1903-cü ildə hazır olub. Məhz kəndin hüzr məclisləri bir neçə ildir ki, məsciddə keçirilr. Dəfələrlə gəldiyimiz indiki məscid həyətində maraqlı bir məqamın şahidi olduq. Sən demə müqəddəs həyətə yaraşıq verən iri qol-qanadlı 3 nil ağacının tarixi yüzillərlə ölçülür. Kənd sakinlərinin dediyinə görə 1 nil ağacı "ömrünü" onların gözü qarşısında başa vurmuş, qol - budaqları çürüyərək məhv olmuşdur. Qalan ağaclara - təbiətin bu gözəl incisinə qayğı göstərilir, ətrafı bellənir, ağardılır ki, təbiətin canlı şahidlərinin ömrü uzun olsun, qorunsun... Axı, nil (azat) - dəmirağacı, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, Hirkan şümşadı kimi haqlı olaraq, Cənub bölgəsinin florasının inciləri sayılır, Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Masallı rayonunun ərazisindəki meşələrdə olduğu kimi kəndlərində də adı ölkəmizin «Qırmızı Kitabı»na düşmüş nadir ağac növləri bitir. Elə Musaküçədəki nil ağacları kimi...

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...