Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təsdiq olunmuş qrafikə uyğun Quşçu körpüsü qəsəbəsində keçirilən növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, sakinlər iştirak ediblər.

Əhəd Abıyev vətəndaşları salamlayaraq bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.

Rayon rəhbəri dövlət proqramlarının icrası nəticəsində respublikanın bütün regionlarda, o cümlədən Daşkəsəndə həyata keçirilən layihələr, abadlıq-quruculuq işləri barədə məlumat verib. Qeyd edib ki, Daşkəsəndə yeni-yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar, körpülər salınır. Daşkəsən şəhərinin su təchizatı layihəsində son tamamlanma işləri icra olunur, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi, məşğulluğunun artırılması istiqamətində mühüm tədbirlər görülür.

Yerlərdə sosial sahələrin inkişafı, əhalini narahat edən problemlərin həlli məqsədi ilə keçirilən səyyar qəbullar Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri hörmətli Zeynal Nağdəliyevin şəxsən diqqət mərkəzindədir və qaldırılan məsələlərin icrasını biz nəzarət qaydasında təmin edirik.

Əhəd Abıyev onu da bildirib ki, ötən dövrlərdə Quşçu körpüsü qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi üçün 16 mənzilli müasir yaşayış binası tikilərək onların istifadəsinə verilmişdir. Hazırda isə yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçirilir. Cari ildə qəsəbə sakinləri təbii qazla təmin olunacaqlar.

Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əraziyə yeni su xəttinin çəkilməsi, işlə təmin olunma və digər məsələlər barədə olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qəsəbə sakinlərinin problemlərini dinləyib, qaldırılan məsələlərin və müraciətlərin araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.

Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...