Lənkəran REM-də fermerlər üçün maarifləndirici tədbir keçirilib

“Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən icra edilən “Fermerlərin ekoloji təmiz kənd təsərrüfatı istehsalı üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində regionun fermerləri üçün seminar təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Lerik, Astara, Masallı və Lənkəranda fəaliyyət göstərən fermerlər və əlaqədar təşkilatların elmi işçləri iştirak ediblər.

Lənkəran Regional Elmi Mərkəzin rəhbərliyinin dəstəyi və fəal iştirakı ilə baş tutan tədbirdə layihənin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Vaqif Əmikişiyev, Regional Mərkəzin direktoru, tanınmış alim, professor Fərman Quliyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əsəd Nuriyev, Mərkəzin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov, aqrar elmlər üzrə fəlsəfə doktoru Xalıqverdi Babayev, ekspertlər və başqaları ekoloji təmiz kənd təsərrüfatı, üzvi əkinçiliklə bağlı dünya təcrübəsi, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının tarixi və bu günü, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı hərəkatı, ekoloji təmiz kənd təsərrüfatı ilə bağlı ölkə qanunvericiliyi, genetik modifikasiya olunmuş bitkilər, problemlər və çıxış yolları, digər müvafiq məsələlərlə bağlı məruzələrlə çıxış edib, praktiki tövsiyələr verib, iştirakçıların suallarını cavablandırıblar.

Ekoloji təmiz kənd təsərrüfatı istehsalı sahəsində ölkədə, ümumən Azərbaycan Milli Elmlər Akademiyasında, xüsusən də AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində (Mərkəzin direktoru professor Amin Babayevdir) görülmüş işlər, aparılmış tədqiqatlar, fermerlər üçün yaradılmış imkanlar qeyd edilib.

Toplantı iştirakçılarına AMEA Genetik Ehtiyatlar İnstitutunda geni dəyişdirilmiş bitkilərlə bağlı toplanmış hərtərəfli informasiya və görülən işlər barədə məlumat verilib, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun “Ekoloji təmiz kənd təsərrüfatı istehsalı və genetik modifikasiya olunmuş bitkilər” adlı kitabçada dərc edilmiş məqaləsini oxumaq tövsiyə edilib.

Seminara yekun vuran AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev regionda müvafiq problemlərlə bağlı durumdan danışıb, ekoloji təmiz çay isehsalının təşkilinin vacibliyini vurğulayıb.

Layihənin rəhbəri və icraçıları 17-19 avqust 2019-cu il tarixlərində Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yerlərdə fermerlərlə görüşlər keçirib, onlara geni dəyişdirilmiş bitkilər, ekoloji təmiz kənd təsərrüfatı istehsalı ilə bağlı məlumatlar verib, hüquqi-normativ sənədlər əsasında hazırlanmış kitabça və informasiya xarakterli bukletlər paylayıblar.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə