Havva Malsa Ali: "Azərbaycan haqqında düşüncələrim müsbətdir"

Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan, Gürcüstandan olan gənclər avqustun 18-dən etibarən “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyətə başlayıblar. Layihə “ASAN xidmət”, “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilir.

Maldivdən olan könüllü Havva Malsa Ali AZƏRTAC-a bildirib ki, burada olduğu qısa müddət ərzində ona Azərbaycan və “ASAN xidmət” mərkəzləri haqqında ətraflı məlumat verilib: “ASAN xidmət” mərkəzlərində əhaliyə göstərilən xidmətlər haqqında öyrənə bildim. Düşünürəm ki, bu layihə mənə özümü inkişaf etdirməyə kömək edəcək. Onu da qeyd edim ki, Azərbaycan haqqında düşüncələrim müsbətdir. Burada insanlar çox mehriban və istiqanlıdırlar”.

Türkiyəli könüllü Melih Aslan isə deyib: “Üç gündür buradayam. Gəlmə səbəbim ətraf mühiti qorumağa dair könüllülük fəaliyyətinə qoşulmaqdır. Türkiyədə də buna bənzər layihələrdə iştirak etmişəm. Burada təbiətin, heyvanların, bitkilərin mühafizəsinə dair öyrəndiklərimi öz ölkəmdə tətbiq etməyə çalışacağam. Layihə çərçivəsində, eyni zamanda, “ASAN xidmət”in fəaliyyəti ilə tanış olduq. Türkiyədə buna bənzər bir dövlət qurumu yoxdur. “ASAN xidmət” mərkəzlərinin necə fəaliyyət göstərdiyini, həmin mərkəzlər sayəsində insanlara göstərilən xidmətlərin asanlaşdırıldığının şahidi olduq. Həmçinin Bakıdakı turistik və tarixi əraziləri gəzdik. Şəhərin gözəl mənzərəsini izlədik”.

Qeyd edək ki, təcrübə proqramı avqustun 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə