Prezident İlham Əliyevin atdığı hər addımında dövlət maraqları öndə saxlanılır

Əli Həsənov: "Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir"

Bu gün Azərbaycan dünyada tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycandan dünyaya sülh, birlik, əmin-amanlıq, həmrəylik mesajlarının ünvanlaması, həmçinin, beynəlxalq aləmdə ən təhlükəsiz ölkə, sabitləşdirici faktor kimi nüfuz qazanması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün inkişafda olan ölkəmizin təcrübəsi göstərir ki, düşünülmüş siyasət və cəmiyyətdə müsbət meyillər güclü olanda, böyük uğurlara imza atmaq mümkündür.

Prezident İlham Əliyevin atdığı hər addımında dövlət maraqları öndə saxlanılır, müstəqil siyasət yürüdən Azərbaycan ən yüksək tribunlardan bəyan edir ki, xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayaraq, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.

Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfələri də davamlıdır. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirməklə yanaşı, regional əməkdaşlığın genişlənməsinə stimul verir. İqtisadi tərəqqini hər bir inkişafın əsası kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandıraraq, iqtisadi möcüzələr ölkəsinə çevirib. Bu gün regional iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Görülən işlərin zirvəsi kimi dəyərləndirilən «Cənub Qaz Dəhlizi» bu gün bütün dünya birliyi üçün böyük önəm daşıyır. Azərbaycanın təşəbbüsü ilə reallaşan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç də geri qalmır. Tarixi İpək yolunun bərpası kimi böyük önəm verilən, Çindən başlanan yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənir, Londonu və bütün Avropa ölkələrini birləşdirir.

Lakin o da sirr deyil ki, Azərbaycanın uğurları ölkəmizi istəməyən qüvvələr tərəfindən böyük qısqanclıqla qarşılanır. Bu həzm etməmələr isə müxtəlif cəhdlərin edilməsi və əsassız kampaniyaların həyata keçirilməsi ilə müşayiət olunur. Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında diqqəti bu məsələlərə yönəldərək, daim bu çağırışı edir ki, belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər də, artıq başa düşməlidirlər ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Anti-Azərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb, əlbəttə ki, məyus olurlar. Bəzi beynəlxalq hüquq təşkilatları sifarişçilərinin tələblərinə uyğun olaraq, Azərbaycanı «qeyri-demokratik», işğalçı Ermənistanı isə «demokratik» ölkə kimi təqdim edir. Hətta «Freedom House» kimi təşkilatlar, bir qədər də irəli gedərək, Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim edirlər. Təbii ki, belə ədalətsiz və məkrli maraqlardan qaynaqlanan yanaşmalara cavab Azərbaycanın bugünkü reallıqlarıdır. Ölkəmiz demokratiya yolu ilə inamla addımlayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, atılan addımlar hansısa dövlətə və təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.

Ümumilikdə, dövlət maraqlarının qorunması hər birimizin vətəndaşlıq borcudur. «Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir» söyləyən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməli, ictimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir.

Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə açıqlamasında bildirib ki, ötən müddətdə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar, bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal-klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Həmin açıqlamada o da bildirilir ki, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən müxalifətin, əslində, həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belə olan halda, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq və ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?

Əli Həsənov bu məsələyə də diqqəti yönəldir ki, Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü «müxalifət» adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda, cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi və terrorun tüğyan etməsi ilə nəticələnir.

«REAL» Televiziyasının baş direktoru Mirşahinin Gəncə teraktı ilə bağlı yayımladığı videoda da ötən il Gəncədə baş verən terror aktlarının əsl mahiyyəti, məqsəd və məramı açıqlanır. Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun kimliyi bir daha ictimaiyyətə açıqlanır.

RAMİL VƏLİBƏYOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...