Vətənə və dövlətə müxaliflik milli xəyanətə bərabərdir

Uzun müddətdir ki, bu məzmunda bir yazı yazıb-yazmanaq barədə düşünüb-daşınırdım. Başlıcası, ona görə tərəddüd edirdim ki, təbii olaraq, ölkədə məni tanıyanlar arasında mövqeyimə müxtəlif baxışlarla yanaşanlar var. Bəzən ciddi-publisistik, bəzən də bir az yumor qarışıq yazılarımla mövqeyimi müdafiə etməyə çalışıram. Buna nə qədər nail olub-olmadığımı deyə bilmərəm. Ancaq bir həqiqəti qətiyyətlə deyə bilərəm ki, məni içimdən gəlməyən, həqiqət olduğuna əmin olmadığım hər hansı fikirləri səsləndirməyə həyatım boyu heç kəs məcbur edə bilməyib, bundan sonra da məcbur edə bilməz. Canımdan çox sevdiyim məmləkətim, bizi sevməyənlərin genişmiqyaslı hücumları ilə üz-üzə qaldığı bir zamanda, məni kağıza köçürməyə vadar edən bu düşüncələrimdə də səmimi olmaq başlıca qayəmdir. Yalnız həqiqət olduğuna daxili “mən”imin inandığı, vətəndaşlıq məsuliyyətimin təsirindən iliklərimə qədər narahatçılıq keçirdiyim məqamlarla bağlı düşüncələrimi cəmiyyətlə bölüşməyə qərar verdim.

Azərbaycanda gedən Milli Azadlıq Hərakatına 1988-1989-cu illərdə elə simalar qoşuldular ki, onlar o zaman SSRİ kimi nəhəng imperiyanın yuxusuna haram qatan Azərbaycanın Milli Azadlıq Hərəkatından öz şəxsi mənafeləri (həm də onları hərəkatın içinə soxanların mənafeləri) naminə yararlanmaq istəklərini ortaya qoydular. Məhz həmin simalar hərəkatın xeyli sayda fəallarını da cəlb edərək, ümumxalq hərəkatını siyasiləşdirməyi və demokratik dəyişiklik adı altında hakimiyyət kreslosu uğrunda mübarizəyə yönləndirməyi bacardılar. Təəssüflə qeyd edirəm ki, ilkin dönəmdə, Dövlət Şurası ideyasını müdafiə edən Əbülfəz Elçibəy kimi şəxsi bu siyasi oyunda iştraka razı sala bildilər. Məhz AXC-nin hakimiyyətə gəlmək uğrunda savaşı, sonradan isə hakimiyyətdə olarkən, səriştəsiz idarəçiliyi gənc Azərbaycan Dövlətini "olum-qalım" dilemması ilə üz-üzə qoydu (hələ Qarabağda itirilmiş torpaqlardan danışmıram). Bu haqda çox deyilib, çox yazılıb və bütün bunları təkrarən deməyə ehtiyac görmürəm. Ancaq o zaman ümumxalq hərəkatını siyasi oyunlara sürükləyən və hakimiyyətdə ən yüksək postlarda əyləşib, ölkəni dərin uçurum başına çatdıran həmin şəxslərin bu gün, yenidən belə bir iddia ilə ortaya atılmalarını, yumşaq desək, siyasi simasızlıq hesab edirəm. Qoy oxucum məni qınamasın. Kimlərsə həmin simaların 1989-1993-cü illərdəki fəalliyyətlərini yaxından izləmək imkanında olmayıb, bu siyasət dəllallarının əsl üzlərini görmədiklərindən, onların bu gün pafoslu çıxışlarına aldana bilərlər. Ancaq mən və mənim kimi minlərlə hərəkatçı onları yaxşı tanıyır və bizim indiki halda, susmağımıza tarix heç vaxt haqq verməz.

Əsas mövzuya dönməzdən əvvəl, istərdim məni yaxından tanımayanlar, əmin olsunlar ki, mən heç vaxt heç kimin diktəsi ilə yazmamışam, bu gün də yazmıram. Mən Müstəqil Azərbaycan Respublikasının VƏTƏN DAŞInı sinəsində gəzdirən vətəndaşlarından olmaq istəyən biriyəm və məmləkətimin taleyinə şəxsi mənafelərim prizmasından deyil, dövlətçilik nöqteyi-nəzərindən yanaşmağa özündə güc tapmağa çalışanlardanam. Sadəcə olaraq, mən bəziləri kimi, “Primakovun uşaqları”ndan (bunun nə demək olduğunu o dövrün hərəkatçıları yaxşı bilirlər) olmamışam və müstəqillik uğrunda savaşa da kimlərinsə təhriki ilə sonradan qoşulmamışam.

“MƏN”liyimizi “MƏNƏM” liklərə qurban verməli, yoxsa?..

Azərbaycan demokratik dövlətdir və ölkədə insan azadlığının, sivil vətəndaş-məmur münasibətlərinin ilbəil inkişaf etdiyi gözlərimiz qarşısındadır. Nəzərə allmalıyıq ki,SSRİ kimi millətlər və vətəndaşlar həbsxanası rejimindən qurtulmuş bir xalqın, beş-on il ərzində, yüz illərlə demokratiya tarixi olan ölkələrlə müqayisə edilməsi, əslində, siyasi səbatsızlıqdır. Düşünürəm ki, “Asan Xidmət”in yaradılması, xidmət sahələrinin ilbəil genişləndirilməsi, eyni zamanda, hər il aparılan kadr və idarəetmə islahatları da həyata keçirilən uğurlu fəliyyətlərdəndir. Ölkəyə sovet rejimindən miras qalmış korrupsiyanın aradan qaldırılması ilə bağlı indiki iqtidarın, xüsusi vurğulanmalıdır ki, konkret ölkə başçısının rəhbərliyi altında aparılan qətiyyətli mübarizə, artıq ciddi şəkildə öz bəhrəsini verməkdədir. Bu barədə geniş danışmağa ehtiyac görmürəm, çünki bütün bu dəyişikliklər hər kəsin gözləri qarşısında baş verir. Nəticə etibarilə xalqın tam əksəriyyəti tərəfindən rəğbətlə qarşılanan bu mübarizə, rüşvətlə yaşamağa adət etmiş bəzi məmurların yuxusuna haram qatıb. Xüsusilə, korrupsiya girdabından çıxa bilməyən belə məmurlar kənarlaşdırıldıqdan sonra ölkə büdcəsinə daxil olan milyardlarla vəsaitin xalqın sosial durumunun yaxşılaşdırılmasına yönəldilməsi, bir ildə iki sosial paketin ortaya qoyulması, digər məlum sosial addımların atılması, şübhə yox ki, həmin eks-məmurları ciddi narahat edir. Belədə həmin eks-məmurlar bir zmanlar iqtidarda təmsil olunmalarına rəğmən, məhz əməllərinə görə vəzifəsindən kənarlaşdırıldıqdan sonra, müxtəlif yollarla bu mübarizəyə əngəl törətməyə çalışırlar. Təbii ki, maskalanaraq! Bu, indiki vəziyyətdə Azərbaycan dövlətini tutduğu haqq yolundan sapdırmağa çalışan qüvvələrdən həm də ən təhlükəlilərindən biridir. Məşhur bir deyim var, rəbbim məni dostlarımdan qorusun, düşmənlərimdən özüm qorunaram. Bu baxımdan, hakimiyyətdə müəyyən post tutub, özünü bu iqtidarın siyasətini dəstəkləyən kimi göstərib, vəzifədən kənarlaşdırılandan dərhal sonra, ağacı içindən yeyən qurd kimi, dövlətin siyasətini içindən laxlatmağa çalışanlar, şəxsi mənafelərinə dövlətin gələcəyini qurban verməyə hazır olanlardır ki, onların dəyirmanlarına su tökənlərin də məsuliyyəti onlarla bərabərdir. Belə insanlar “mən”liyini şəxsi “mənəm”liyinə qurban verməklə, milli mənafeləri ayaq altına atmağa hazırdırlar.

İkinci təhlükəli qüvvə, demokratiya adı altında Azərbaycanın daxili işlərinə burunlarını soxmağa çalışan xarici qüvvələrdir. Təbii ki, həmin qüvvələr içərisində erməni lobbisi və ermənipərəst siyasilər baş roldadırlar. Onlar hər vasitə ilə ölkədə qarşıdurma, xaos yaratmağa, iqtidarı çıxılmaz vəziyyətdə qoymağa, sonda istədiklərini almaq üçün Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmağa çalışırlar. Onların istədikləri isə, bu xalqın istədiyi deyil, məhz özlərinə sərf edən istəklərdir. Hər gün mətbuatda, sosial şəbəkələrdə bununla bağlı kifayət qədər geniş məlumatlar dərc edildiyindən, bu barədə də çox danışıb, vaxt aparmaq istəməzdim. Yalnız onu deməyi vacib hesab edirəm ki, dünyada bizi, ümumən türk dilli xalqları sevməyənlər sevənlərdən çoxdur ki, bu da, bizim diplomatiyamızın gücsüzlüyü ilə bağlı deyil, xaricdəki həmin qüvvələrin məkrli niyyətlərinin təzahürüdür. Belə olan halda, bizlər o qüvvələrin ölkəmizə ayaq aça (siyasi mənada) bilməmələri, ölkəmizi Liviya, Misir, Suriya, Əfqanıstan və digər ölkələr kimi ayaqaltı etməmələri üçün milli və dövlətçilik məfkurəsi ilə silahlanmalı və belələrinin istəklərini beşiyindəcə boğmağı bacarmalıyıq. Yəni milli mənliyimizə şəxsi mənəmliklərimizi qurban verməməliyik. Böyük Məmməd Arazın dili ilə desək, bizlər “mən, mən” deyən yerdə, VƏTƏNin varlığı təhlükə ilə üz-üzə qala bilər və biz gələcək nəsillərin haqlı qınağına məruz qalmaqdan yaxamızı qurtara bilmərik.

Nəhayət, üçüncü bir qüvvə də var ki, ilkin baxışda demokratik cəmiyyətlərdə onun mövculuğu təbiidir. Söhbət siyasi müxalifətdən gedir və onsuz nə vətəndaş cəmiyyətinin, nə də dövlətçiliyimizin inkişafı mümkün deyil. Ancaq sivil cəmiyyətlərdə müxalifətin fəaliyyəti hansı prinsiplər əsasında formalaşırsa, bizdə də həmin prinsiplər əsas kimi qəbul edilməli, bəzi milli dəyərlərimizə uyğun dəyişikliklərlə bərabər dünya demokratiyasında müxalifliyin forma və məzmunu bizdə də tətbiq edilməlidir. Müxalif düşərgə, ilk növbədə, cəmiyyətin müxtəlif sahələrinin inkişafına dair konsepsiya və proqramlarını vətəndaşlara təqdim etməli, onun daha perspektivli olduğuna insanları inandırmalı, nəticədə, tərəfdaşlarının sayını artırmaqla səsvermə nəticəsində, daha çox səs toplayıb iqtidara gəlməyə çalışmalıdır. Yəni ölkənin iqtidarını xalq seçməli, kimin idarəçiliyini qəbul etməli olduğuna da xalq özü qərar verməlidir. Təəssüf ki, Azərbaycanda hələ də elə bir müxalif siyasi təşkilat yoxdur ki, onun alternativ inkişaf konsepsiyası olsun. Varsa belə, xalqın bundan xəbəri yoxdur. Belədə xalq səni necə tanısın, sənin hakimiyyətə gəldiyin təqdirdə bu xalqa nə verə biləcəyini seçici hardan öyrənsin? Yalnız iqtidarın nöqsanlarını axtarıb taparaq, qarışqanı filə döndərib, hakimiyyəti tənqid etməklə müxalifçilik bitmir.

Müxalif düşərgədəki siyasi mübarizədə mövcud olan bu anormallığın iki mühüm səbəbi var. Birinci səbəb on illərdir müxalifət düşərgəsində “at oynadan”,yeni, sağlam, konstruktiv qüvvələrin yaranmasına imkan verməyən, müxaliflikdən hakimiyyətə gedib, ordan yenə müxalifliyə dönməyə məcbur olan qoca siyasilərin fəaliyyətidir. Bəla ondadır ki, həmin qüvvələr bir illik hakimiyyətləri zamanında dövlətin ən yüksək postlarında əyləşmiş və ölkəni «olum-qalım» dilemması ilə üz-üzə qoymuş simalar liderlik mövqelərindən bir addım da geri çəkilmirlər. Sivil ölkələrdə bir lider bir müxalif qüvvəyə bir, az-az hallarda, iki seçki müddətində rəhbərlik edir, istənilən nəticəni əldə edə bilmədikdə istefaya gedir. Azərbaycanda isə, əksinə, bir lider üst-üstə 15 seçkidə ağır məğlubiyyətlərə düçar olmasına baxmayaraq, hələ də liderlik kürsüsündən düşmək istəmir. Nəticədə, həmin liderlər onu seçməyən xalqı günahkar tutur, yuxarıda haqqında danışdığımız daxili və xarici qüvvələrlə separat danışıqlara gedir, qeyri-sivil yollardan bəhrələnməklə, iqtidar postunu zəbt etməyə cəhd göstərir. Əslində, bu sür fəaliyyət siyasət deyil, siyasi biznes fəaliyyətidir ki, o da, ümumilikdə, ölkəmizin gələcəyinə ciddi zərərlər yetirən fəaliyyət formasıdır. Onu demirəm ki, məhz hakimiyyətə gəlmək uğrunda mübarizədə 1990-cı illərin əvvəllərində apardıqları qeyri-sivil mübarizənin, eləcə də, hakimiyyətdə olduqları zaman idarəetmə səriştələrinin olmaması ucbatından, gənc Azərbaycan Respublikasına vurulan elə yaralar var ki, indiki güclü iqtidar belə hələ də o yaraların bəzilərini “müalicə” etməkdə çətinlik çəkir. 90-cı illərin əvvəllərində Sovet rəhbərliyinin, emənilərin ünvanına yağdırılan bəzi xoşagəlməz ifadələrin, bu gün Müstəqil Azərbaycanın rəhbərliyində təmsil olunan simaların ünvanına səsləndirilməsi isə, artıq onların əlacsızlıqlarından, bacarıqsızlıqlarından və ümidlərinin kəsildiyindən xəbər verir. Çünki onlara maliyyə və siyasi dəstək verən qüvvələr qarşısında, on illərdir ki, utanc vəziyyətə düşürlər və bu vəziyyətin də “günakarları” kimi indiki iqtidar yetkililərini görürlər. Sivil siyasi mübarizədə məğlubiyyətlərinin əsl səbəbini ört-basdır etmək, “axan bulağın” qurumasına imkan verməmək üçün “söyüş savaşı”nı işə salırlar. Belədə, yuxarıda sadaladığım digər qüvvələrlə yanaşı, həmin siyasilər də “mən”liklərini “mənəm”liklərinə qurban vermiş olurlar ki, nəticədə ən böyük zərbə yenə xalqa, sadə insanlara, nəhayət, dövlətçiliyimizə dəyir. Nə etməli?

Azərbaycanın VƏTƏN DAŞını sinəsində gəzdirməkdən usanmayan həmvətənlərim!

İndiki kövrək durumda hər birimizin, ölkənin hər bir vətəndaşının üzərinə böyük və tarixi əhəmiyyətli məsuliyyət düşür. Ölkədə on milyondan artıq insan yaşayır. Rəhbər dövlət məmuru yeri isə böyüklü-kiçikli on minlərlə hesablanır. Əvvəla, hər kəsin vəzifə, yüksək rütbəli dövlət məmuru olmaq arzusu, təbii olsa da, buna nail ola bilməyənlər iqtidarı deyil, ilk növbədə, özünü, özünün bacarıqsızlığını qınamalıdır. Əksinə, vəzifə eşqilə alışıb-yanmaq, nail olmadıqda mövcud iqtidara düşmən münasibət bəsləmək vətəndaşlıq hissinin olmamasına dəlalət edir. İkincisi, bir vaxtlar yüksək vəzifədə çalışıb, özünü doğrultmadığına görə, hakimiyyətdən uzaqlaşdırılan eks-məmurlar unutmalı deyillər ki, əgər o, vəzifəsinin öhdəsindən layiqincə gəlsəydi, hakimiyyət hazır kadr kimi onu kənara itələməzdi. Yenə təqsiri özündə axtarmalı və yanlışlıqları üzərində düşünməlidirlər. Köhnə kişilər vəzifəni atla müqayisə edərdilər. Bu da, təsadüfi deyil. Atın belinə hər kəs qalxa bilər, ancaq onu çapmağı hər oğul bacarmaz. Ən naşıları isə, yarı yolda at yerə çırpar. Naşılığı üzündən yerə çırpılanlar isə atı deyil, atın sahibini deyil, özünün naşılığını qınayar.

Belə vəzifə düşkünlərindən, şəxsi mənafelərinə ümumxalq mənafelərini qurban verməyə hazır olanlardan ən çox yararlanmağa cəhd edənlər isə, bəzi müxalif siyasilərdir. Diqqət etsəniz, görərsiniz ki, vəzifədən qovulan eks-məmurların səsi, az sonra, açıq və ya gizli formada siyasi müxalif liderlərinin yanından gəlir. Olurlar ələkçiyə qıl uzadan. Dünənə kimi haqqında olmazın təhqiramiz ifadələri səsləndirən həmin siyasət dəllalları üçün bu ekslər olurlar gülməşəkər. Bunun da iki səbəbi var. Birincisi, zəhmət çəkmədən oğurluq və rüşvətlə əldə etdikləri milyonlardan bir az da onlara pay düşür. İkincisi, hakimiyyət daxilindəki bəzi gizli məlumatları həmin şəxslərdən əldə etməyə çalışırlar.Hər iki halda, hər iki tərəfin mənəviyyatsızlığının nəticəsində,

iqtidara yalanlar, şər və böhtanlarla hücum edilir, xalqı isə guya problemləri həll edəcəklərinə inandırmağa çalışırlar. Yəni xalqda iqtidara inamsızlıq formalaşdırmağa çalışırlar.

Məqamı kifayət qədər lazımi dərəcədə qiymətləndirən xaricdəki anti-Azərbaycan qüvvələr də dərhal fəaliyyətə keçirlər. Çünki, indiki oturuşmuş iqtidarı aldatmaq, Azərbaycanın milli maraqları ilə üst-üstə düşməyən qərarları zorla qəbul etdirmək, sadəcə, mümkün deyil. Onlara, dünyada gedən proseslərdən baş çıxarmaqda çətinlik çəkən, “qloballaşma” adı altında milli mənafelərimizə zərərli qərarları qəbul edəcək vassal təbiətli fiqurlar gərəkdir. Biz, ölkə vətəndaşları olaraq, bu niyyətlərin mövcudluğunu anlamalı və onun reallaşmaması üçün hər cür dirəniş göstərməliyik.

Müxaliflik demokratik cəmiyyətin vacib elementlərindəndir və bunsuz demokratiyanın inkişafı ola bilməz. Lakin müxaliflik mövcud hakimiyyətə, onun ayrı-ayrı məmurlarına qarşı yönəldilə bilər, dövlətə, dövlətçiliyə, VƏTƏNƏ və bu VƏTƏNİ VƏTƏN edən xalqa qarşı müxaliflik, əslində, milli xəyanətə bərabərdir. Hər kəs içində güc tapmalı, xəyanətə bərabər bu yoldan vaxtında çəkilməlidir. Əks-təqdirdə, sonrakı peşimançılıq, min illər əvvəl də fayda verməyib, bu gün də verməyəcək...

XX əsr Azərbaycan poeziyasının sönməz ulduzlarından olan böyük şairimiz Məmməd Arazın “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” misrasının fəlsəfi yükünü dərk edib, “Mamır olub qayasında bitməyə” hazır olduğumuz AZƏRBAYCAN adlanan VƏTƏNİMİZİN “bizə oğul” deməsi naminə içimizdə VƏTƏN DAŞI formalaşdırmağa borcluyuq. Bu DAŞ hər zaman gərəklidir. Bu gün isə, xüsusilə, vacibdir...

Təhmasib Novruzov,

“Azadlıq Hərakatçıları” İctimai

Birliyinin sədri, yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə