Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır TƏHLİL

Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır

İqtisadi göstəricilər, beynəlxalq aləmdə qazanılan imic, sabitlik adasına çevrilən Azərbaycan multkultural və tolerant mühit olaraq da tanınır. Bütün bunlarla yanaşı, Azərbaycanda idman sahəsinə dövlət tərəfindən ayrılan diqqət, idman sahəsində qazandığımız nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu gün ölkəmizdə mövcud olan idman hərəkatı beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının həvəslə ən mötəbər yarışlarını ölkəmizə həvalə etməsinə dəlalət edir. Paytaxt Bakıda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir. Buna son 16 ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı «Olimpiya» Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Əlbəttə ki, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət oldu.

"Bakı-2015" ilk Avropa Oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycanda keçirilməsinin əhəmiyyəti danılmazdır. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Ondan iki il sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bu oyunlarda Azərbaycan idmançıları birinci yerə layiq görüldü. "İki il ərzində bir şəhərdə həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. Azərbaycan idmançıları Olimpiya Oyunlarında da yaxşı nəticələr göstərirlər. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə, Azərbaycan 14-cü yerdə qərarlaşmışdır və bu, bizim ölkəmiz üçün tarixi nailiyyətdir" deyə dövlət başçısı qeyd etmişdi.

"Formula-1" Qran-Prisi, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşması kimi mötəbər yarışlara uğurla ev sahibliyi edən Azərbaycan bu və ya digər beynəlxalq yarışlara müvəffəqiyyətlə təşkil etməklə, bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

Paytaxt Bakıda beynəlxalq yarışların keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlərin görülməsi iqtisadi gücümüzə və dinamik inkişafa söykənir. Bu yaxınlarda isə paytaxt Bakımız XV Avropa Gənclər Olimpiya Festivalının həyəcan və sevincini yaşadı. Festivalın maraqlı açılış və bağlanış mərasimləri dünya miqyasında Azərbaycanın tarixi, müasirliyi, irsi və mədəniyyəti ətrafında yüksək fikirləri daha da dərinləşdirdi. Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqlədi. Təbii ki, ölkənin beynəlxalq aləmdə tanınmasında, yetişən nəslin sağlam inkişafında önəmli vasitələrdən biri olan idmana da dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Dünyanın 7 gün ərizində izlədiyi XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan idmançılarının qələbələri bu sevinci daha da artırdı. Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında - idman mübarizəsində 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşdı. Bu, Azərbaycan idman tarixinə daha bir səhifə yazmış oldu. "Zirvələrə hazırıq" devizi altında paytaxtımızda keçirilən "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində keçirildi. Beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edən Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalını da yüksək səviyyədə təşkil etmişdi. Uğurları ilə tanınan ölkəmiz XV Avropa Gənclər Olimpiya Festivalının təşkilində tarixə yeni imzasını atdı. Festivalın canlı şahidi olmaq üçün ölkəmizə gələn əcnəbilər Azərbaycan mədəniyyətinin, xalqımızın qonaqpərvəliyinin, paytaxtın gözəlliyinin, insanların mehribanlığının, şəhərin sakitliyinin şahidinə çevrildilər.

Görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan hələ neçə-neçə mötəbər idman yarışına ev sahibliyi edəcək. Necə ki, yaxın zamanda Azərbaycan Gimnastika Federasiyası ilin ən böyük gimnastika tədbirlərindən birinə ev sahibliyi edəcək. Sentyabrın 16-22-də Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına hazırlıqlar tam sürətlə davam edir. Təşkilatçılar gimnastika yarışlarının əsas hissəsinə çevrilmiş açılış mərasiminə bu dəfə də xüsusi yaradıcılıqla yanaşıblar. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı" adlı şounun nümayişi ilə yanaşı, Azərbaycanın sevilən ifaçılarının iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimi sentyabrın 16-da Milli Gimnastika Arenasında keçiriləcək. Bütün bu uğurlar, isə onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə