Müsabiqə qalibləri Azərbaycanın Pakistandakı Səfirliyində olublar

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Pakistan gəncləri arasında artıq 3-cü ildir ki ardıcıl olaraq keçirilən builki müasabiqə 600-dən artıq pakistanlı gənc iştirak edib və esse yazılarını təqdim ediblər. SİA-nın Səfirlikdən aldığı məlumata görə, esse yazıları əsasən “Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycan Diplomatiyasının 100 illiyi”, “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri”, “Azərbaycanın görkəmli şairi İmaməddin Nəsimi və onun poemaları”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili və adət-ənənələri”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Azərbaycanlıların soyqırımı”, “Azərbaycan və Pakistan: tarixi əlaqələr və perspektivlər”, “Azərbaycan qədim mənbələrdə”, “Azərbaycanın iqtisadi inkişafı” və bu kimi digər mövzuları əhatə edib və onların arasından 6 nəfər qalib olaraq seçilib.

Azərbaycanın Pakistandakı Səfirliyində keçirilən görüşdə qalibləri təbrik edən səfir Əli Əlizadə onlara müsabiqə qaliblərinin şəffaf seçim prosesi haqqında məlumat verib, Azərbaycana göstərdiyi maraqlarına görə onlara təşəkkür edib. Səfir onların yazdıqları esse yazılarının önəmli mövzuları əhatə etdiyini vurğulamış və qaliblərin avqust ayının sonunda Azərbaycana 1 həftəlik səfər etmək fürsəti qazandıqlarını, bu səfər ərzində onların Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olacaqlarını bildirib.

Azərbaycanın Pakistana verdiyi önəmi, ölkəmizin siyasi və tarixi reallıqları, sosial-iqtisadi inkişafı, hər iki ölkə liderlərinin səyləri ilə möhkəm təməllər üzərində bərqərar edilən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətləri, təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında qısa məlumat verən səfir onların Azərbaycandan xoş təəsüratla qayıdacaqlarına inamını ifadə edib.

Müsabiqənin qalibləri yaradılan şəraitə və təşkilatçılığa görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirərək Azərbaycan haqqında fikir və təsəvvürlərini bölüşüb, çox eşitdikləri və görmək istədikləri Azərbaycana səfər etməyin həyəcanını yaşadıqlarını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə