Aqrar sığorta sisteminin təşkili və dayanıqlılığı təmin edilir ŞƏRH

Dövlət başçısının Fərmanı ilə ölkəmizdə Aqrar Sığorta Fondu yaradılacaq

Ölkəmizdə uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının uğurla həyata keçirilməsi ilə yanaşı, ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. Ölkəmizdə neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan verib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkənin sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı önəmli yer tutub. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatının böhrandan çıxarılması və gələcək inkişafı üçün həlledici faktor olan "Əsrin Müqaviləsi"nin imzalanmasından sonra ölkədə aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülməsinə başlanılıb.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq, kənd təsərrüfatı sahəsinin də inkişafında yeni mərhələ başladı. Sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı yeni mexanizmlər tətbiq olundu. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafı siyasəti çərçivəsində kənd yerlərində sosial infrastrukturun inkişafı, fermerlərin istehsal vasitələri ilə təminatının gücləndirilməsi məqsədilə "Aqrolizinq" ASC-nin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrə, yanacaq və toxumla təminatının yaxşılaşdırılması üçün subsidiyaların verilməsi tədbirlərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-cü il tarixli Sərəncam və "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-cü il tarixli Fərman imzalanmışdır. Tarixi əhəmiyyətli bu qərarlarla aqrar sektorun inkişafının prioritet hədəfləri yeni çağırışlar fonunda müəyyən edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür.

Görülən işlərin və həyata keçirilən tədbirlərin davamı olaraq "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə, idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra - fond) yaradılacaq. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb, Azərbaycan Prezidentinə təqdim edəcək.

Dövlət başçısı tərəfindən təsdiq olunmuş Qanunda mühüm məsələlər əksini tapır. Aqrar sığortanın həyata keçirilməsində dövlətin vəzifələri müəyyənləşib. Aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək, aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ-hüquqi aktlar qəbul etmək, aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək Qanunda öz əksini tapıb. Aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək, aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək də qeyd olunur.

Qanunun tələblərinə uyğun olaraq, aqrar sığortanın predmeti kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar akvakultura məhsulu sayılır.

Aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərinin elektron qaydada aparılması, aqrar sığorta məhsulunun elektron təşkili, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə aqrar sığorta orqanı tərəfindən aqrar sığorta informasiya sistemi yaradılacaq. Əminliklə vurğulayaq ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistem xarakterli dərin islahatlar nəticəsində, ölkəmizdə formalaşmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarı ilə daha yüksək vüsət alacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə