Əkin sahəsində top mərmisi aşkarlanıb

Avqustun 19-da saat 20:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 20:48-də Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Haramı düzündə mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan SİA-ya bildiriblər ki, qaranlıq hava şəraitinə və məlumat verən şəxsin həmin ərazidə olmadığına görə agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları avqustun 20-də əraziyə göndərilib. Ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 100 millimetrlik top mərmisi (3BK-5M) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 1300 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə