Fermer kooperativlərinin yaradılması ilə bağlı təlimlərə start verilib

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri də kənd təsərrüfatı ilə məşğul olan fermerlərin müxtəlif mövzularda maarifləndirmə işlərinin həyata keçirilməsidir. Fermer kooperativlərinin yaradılması kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların bir araya gələrək daha effektiv fəaliyyət göstərə bilməsi, məhsuldarlığın artırılması, planlı təsərrüfatla məşğul olması baxımından əhəmiyyətli rol oynayır. Bu məqsədlə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq fermerlərin maarifləndirilməsi təlimlərinə start verilib.

İlk təlim Ağcabədi fermerlərinin iştirakı ilə keçirilib. Əvvəlcə fermerlərə Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verilib, kooperativin ali idarəetmə orqanı olan ümumi yığıncağın formalaşdırılması, kooperativin üzvlüyünə qəbul və üzvlükdən çıxması, üzvlərə veriləcək ödənişlər, üzvlərin siyahısının rəsmiləşdirilməsi qaydaları izah olunub.

Bildirilib ki, kooperativlərin yaranması nəticəsində fermerlər istehsal ehtiyatlarını bir araya gətirəcək, texnikadan səmərəli istifadə edəcək, bununla da kooperasiya üzvü olan fermerlərin xərcləri azalacaq. Eyni zamanda, növbəli əkinin düzgün qurulması sayəsində daha çox və keyfiyyətli məhsul əldə etmək mümkün olacaq.

Kooperativlərin yaradılmasının üstünlüyü barədə danışan Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova təşkilati məsələlərdə fermerlərə bütün hüquqi dəstəyin veriləcəyini bildirib: “Kooperativdə birləşmiş fermerlər üçün subsidiyalardan yararlanmaq imkanı genişlənəcək, fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq. Çünki, artıq fermer tək bir şəxs adından yox, özündə bir neçə fermeri birləşdirən hüquqi statusa sahib bir müəssisə kimi çıxış etmiş olacaq. Bununla da fermerlərdən girov qoyuluşu sahəsində tələblər aradan qaldırılmış olacaq. Ən əsası isə fermerlərin müstəqil özünü idarəetməyə keçməsi onların fəaliyyət imkanlarını genişləndirəcək, asılılığı azaldacaq.”

Kooperativlərin müstəqil idarəetməyə əsaslandığını deyən Leyla Məmmədova bildirib ki, fermer kooperativlərin yaradılması kəndlilərin, fermerlərin, xırda sahibkarların dövlət və ya hər hansı bir qurumun asılılığından çıxması üçün əhəmiyyətlidir:

“Kooperativlərin əsasında kəndlinin, fermerin özünü toxumla, kənd təssərrüfatı texnikası ilə, gübrələrlə, işçi qüvvəsi ilə, zəruri avadanlıqla təmin etməsi dayanır. Yaradılmış hüquqi qurumu isə fermerlər seçki yolu ilə müstəqil surətdə özləri idarə edir. Kooperativlərin ümumi əmlakı üzərində məsuliyyət də elə fermerlerin özündə olur. Bir sözlə, fermerlər bankların kreditlərinə, subsidiyalara, avanslara ehtiyac duymadan öz layihələrini müstəqil şəkildə özləri idarə edir.”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...