"Sosial bağlar" aztəminatlı ailələrin rifahını yüksəldəcək

Layihə çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən inkişaf strategiyası, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərib. Bu uğurların əldə olunmasında, mühüm layihələrin reallaşdırılmasında Heydər Əliyev Fondunun da rolu müstəsnadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva ölkəmizin sosial-iqtisadi, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də, tariximizin, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələr reallaşdırır. Digər sahələrlə yanaşı, sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə də dəstək verilməsi üçün fond tərəfindən ardıcıl və əhatəli layihələr və proqramlar həyata keçirilir. Fondun xüsusi qayğıya ehtiyacı olan və əlilliyi olan şəxslərlə bağlı bu günədək reallaşdırdığı layihələr arasında Bakıda və regionlarda reabilitasiya mərkəzlərinin və müəssisələrinin yaradılması mühüm yer tutur. Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək, onların asudə vaxtının səmərəli

təşkili üçün, mütəmadi olaraq, həyata keçirilən tədbirlər də Heydər Əliyev Fondunun diqqət mərkəzində saxladığı məsələlərdəndir. Fondun prezidenti Mehriban Əliyevanın xeyirxah missiyasının davamı olaraq, Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan verir. Fondun mühüm sosial layihələrindən biri də "Məzun evi" Sosial Müəssisəsidir. Müəssisədəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olmuş 243 gənc mənzillə təmin edilib.

"BİZİM HƏYATA KEÇİRDİYİMİZ HƏR BİR LAYİHƏ, İLK NÖVBƏDƏ, VƏTƏNDAŞLARIN MARAQLARINI QORUMAĞA, KÖMƏYƏ EHTİYACI OLAN İNSANLARA YARDIM ETMƏYƏ YÖNƏLİB"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilən "Regional İnkişaf" İctimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılması kimi məsələləri əsas məqsəd kimi qarşıya qoyaraq elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir. "Regional İnkişaf" İctimai Birliyi və Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatı arasında əməkdaşlıq haqqında imzalanan memorandum çərçivəsində UAFA nümayəndələri Biləsuvar və Cəlilabad rayonlarında 300-dən çox aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailədə görüşlər keçirib, onlara müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadəsinin genişləndirilməsi, ailə sahibkarlığının, davamlı kənd təsərrüfatı imkanlarının inkişaf etdirilməsi, müasir metodologiyalardan istifadə etməklə uşaqlara yönəldilmiş səhiyyə, təhsil, habelə, sosial xidmətlər şəbəkəsinin gücləndirilməsi istiqamətində təşkilati və hüquqi yardım göstərib. Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa və köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib.

ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI ÖLKƏDƏ KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN DƏSTƏKLƏNMƏSİNƏ YÖNƏLİB

Həqiqətən də, "Regional İnkişaf" İctimai Birliyi qısa bir vaxt ərzində regionların həyatında mühüm rol oynayıb. RİİB-in regionlarda ictimai nəzarətin həyata keçirilməsində, region sakinləri ilə dövlət və bələdiyyə orqanları arasında dialoqun inkişaf etdirilməsində göstərdiyi təşəbbüslər də diqqətəlayiqdir. Təbii ki, bütün görülən işlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən qaynaqlanır.

Bildiyimiz kimi, görülən işlərin davamı olaraq, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan memorandum da Prezident İlham Əliyevin sosial inkişaf kursunun yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakının növbəti göstəricisidir. İmzalanan Memoranduma əsasən, fondun "Regional İnkişaf" İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq etməklə intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına, artıq öz dəstəyini verir. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxışın təminatı ilə yanaşı, ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin birgə həyata keçirdiyi "Sosial Bağlar" layihəsinin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınmasına başlanılıb.

Özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir. Bu məqsədlə daxil olan müraciətlər əsasında həssas qruplardan (şəhid ailələri, əlilliyi olanların ailələri, aztəminatlı ailələr) olan ailələr seçilib. Onlara məxsus torpaq sahələrində monitorinqlər aparılaraq, ehtiyaclar müəyyən edilib.

İlk mərhələdə həmin sahələrin köhnə ağac və kötüklərdən, kollardan, daşlardan təmizlənərək çəpərlənməsi, şumlanması, malalanması və digər hazırlıq işlərinin görülməsi nəzərdə tutulur. Sahələr hazır vəziyyətə gətirildikdən sonra regionun iqlim şəraiti və xüsusiyyətləri nəzərə alınaraq, meyvə tingləri əkiləcək.

Layihə aztəminatlı ailələrin bağçılıq istiqamətində kiçik sahibkarlığa çıxışını stimullaşdırmaqla yanaşı, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına da əlavə dəstəkdir.

Xatırladaq ki, 2018-ci ildə "Sosial bağlar" layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları salınıb. Yaradılmış təsərrüfatlara aqrotexniki qulluq və sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib.

Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür və bütün istiqamətlərdə böyük inkişaf müşahidə olunur.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə