Mənəvi Dəyərlərin Təbliği Fondu “Yay məktəbi” təşkil edib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qusarda “Yay məktəbi” təşkil edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, avqustun 19-dan başlayan 5 günlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərdən ibarət 100-ə yaxın könüllü cəlb olunub.

“Yay məktəbi”nin açılış mərasimində Fondun İcraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, tədbirin təşkilində məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır. Fondun təşkilatçılığı ilə iyul ayında Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri üçün İsmayıllı rayonunda 5 günlük yay məktəbi təşkil olunub. Yay düşərgəsində Fondun müraciəti əsasında 7 universitetin tələbələri, o cümlədən şəhid ailələrindən olan tələbələr iştirak edib.

Bildirilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.

Yay düşərgəsində iştirak edən könüllülər Qusarda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Şəhidlər xiyabanı, Milli Qəhrəman Çingiz Qurbanovun məzarı, “Şahdağ” Turizm Mərkəzi, Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, həmçinin Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər. Könüllülər “Mənəvi dəyərlərin təbliği və könüllülük fəaliyyəti” mövzusunda məruzə dinləyəcək, intellektual, milli oyunların iştirakçısı olacaqlar.

“Yay məktəbi”nə avqustun 23-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə