Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ardıcıl və davamlıdır

"Azərbaycan dövlətinin prioritet istiqamət olaraq, qəbul etdiyi sosialyönümlü siyasət, əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənmiş xəttdir". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında millət vəkil, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə son 16 il ərzində, bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi, davamlı olaraq yüksəlib: "Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam və 4 Fərman sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və başqa kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bunlar sosial sahədə inqilabi dəyişiklikdir. Prezident İlham Əliyevin sosial islahatlar paketinin uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əməkhaqqının 2019-cu il martın 1-dən artırılaraq, 180 manata çatdırılması oldu. 19 fevral 2019-cu il tarixli Fərman isə, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu. Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən, 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq, bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu".

Əhalinin sosial problemlərinin həllinə və onların sosial rifah halının yaxşılaşmasına yönəlmiş ikinci bir irihəcmli sosial paket dövlət başçısı tərəfindən atılan növbəti addımdır. Dövlət başçısının 18 iyun 2019-cu il tarixində imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin, müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub. Millət vəkilinin sözlərinə görə, minimum əməkhaqlarının 250 manata qaldırılması, ayrı-ayrı strukturlarda çalışan işçilərin əməkhaqlarının artırılması, müəllimlərin əməkhaqlarının 20% artırılması, minimum pensiyaların 200 manata çatdırılması və s. sosial sıçrayışdır: "Əmək pensiyasının minimum məbləğinin artırılaraq, cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması təmin ediləcək ki, bu da, dövlət başçısının təşəbbüsü ilə, cari il ərzində, əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır".

A.Hüseynov bundan əvvəl də, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləğinin cari il martın 1-dən artırılaraq, 116 manatdan 160 manata çatdırıldığını qeyd edərək, bunu sosial sahədə inqilabi addım kimi dəyərləndirilməsinin real faktlara söykəndiyini vurğulayıb: "Sosial sahədə yeni inqilabi addımlar Prezident İlham Əliyevin uğurlu sosial sosial siyasətinin daha bir mühüm nailiyyətidir. Dövlət başçısının imzaladığı sərəncamlar, bir daha göstərir ki, ölkəmizin artan maliyyə imkanları, ilk növbədə, əhalinin sosial rifahının gücləndirilməsinə təsirini göstərir".

"Bu gün Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşadığını" deyən millət vəkili müasir, modern dövlət olaraq tanınan ölkəmizin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrildiyini qeyd edib: "Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Ölkəmiz 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gəlir. Bu uğurlara yol açan əsas amil isə, möhkəm təmələ əsaslanan siyasətdir. Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir".

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə