Azərbaycanın hər bölgəsində yol-nəqliyyat infrastrukturu müasirləşdirilir

Prezident İlham Əliyev: "Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir"

İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli dövlət proqramlarının qəbul və icra olunması hər bir bölgənin davamlı inkişafını təmin edib. Təbii ki, bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur və vəziyyət mənfi istiqamətdə inkişaf edir: "Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə, Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir".

Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, artıq ölkəmizdə aqroparklar yaradılıb. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Son 16 ilin reallıqları, bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar və həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir" deyən Cənab Prezident regional inkişaf proqramlarının icrasının nəticələrinin göz qabağında olduğunu bildirib.

Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb.

6 AYDA TƏXMİNƏN 400 KİLOMETRƏ YAXIN AVTOMOBİL YOLU ÇƏKİLİB

Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə kənd yollarının yenidən qurulması və mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxır. Həmin yollar hesabına, təbii ki, regionların iqtisadi potensialı da yüksəlir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır.

Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə, işlərin gedişi ilə tanış olaraq, öz dəyərli tapşırıq və tövsiyələrini verir. Ölkə başçısının tapşırığı ilə son 16 ildə yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində həyata keçirilən layihələr nətitəcisində, 16 min kilometr yol çəkilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə, dövlət başçısının vurğuladığı kimi, bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur: "Təxminən, min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda, təxminən, 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə, Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə, doğrudan da, çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq".

Prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaran kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi istiqamətdə genişmiqyaslı işlər aparılır. Kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə, digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrası həyata keçiriləcək.

Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması

Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir. Bu gün, həqiqətən də, Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də, digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə