ƏƏSM naziri Tovuz rayonunda vətəndaşlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tovuz rayonunda vətəndaşları qəbul edib. Qəbuldan əvvəl S.Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ümummilli lider Heydər Əliyevin Tovuz rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, vətəndaşlarla görüş zamanı S.Babayev ölkəmizdə sosial sahədə aparılan islahatlar, xüsusilə Prezident İlham Əliyevin bu il təqdim etdiyi iki sosial paketin nəticəsi olaraq müavinət və təqaüdlərin, minimum pensiyanın, əməkhaqlarının artırılması istiqamətində atılan inqilabi addımlar barədə məlumat verib. Aktiv məşğulluq proqramlarının geniş miqyas alması, həmin proqramların icrasında həssas qruplara üstünlük verilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.

Vətəndaşların məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlbedilmə, pensiya və sosial müavinət, əlillik, reabilitasiya və sosial xidmətlər, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilərək cavablandırılıb. Nazirin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı vətəndaşlar müraciətləri nəzərə alınmaqla, özünüməşğulluq proqramına, peşə hazırlığına, nazirliyin reabilitasiya müəssisələrində bərpa müalicəsinə, reabilitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar. Məşğulluq üçün müraciət edən bir qisim vətəndaşa ərazi üzrə vakant iş yerləri təklif olunub və onlara əmək bacarıqlarına uyğun münasib iş yerlərinə göndərişlər təqdim edilib. Eləcə də müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.

Qəbul zamanı vətəndaşlar respublikamızda həyata keçirilən uğurlu sosial islahatlardan razılıqla söhbət açıblar. Onlar əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artırılması istiqamətində atılan mühüm addımlara, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə