Qaradağ rayonunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib FOTOLAR- VİDEO

Bu gün Qaradağ rayonundakı "N" saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, andiçmə mərasimində Milli Məclisin deputatları -YAP İcra katibinin müavini Siyavuş Novruzov, millət vəkilləri - Rauf Əliyev, İlham Əliyev, Əliağa Heseynov, Fəzail Ağamalı və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP-ın gənc fəalları və əsgər valideynləri iştirak ediblər.

Tədbiri açıq elan edən Hərbi Hissənin komandiri, polkovnik Siyavuş Mustafayev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, hər bir əsgər üçün hərbi and içmək şərəfli və qürurlu hadisədir. "Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Ordusunun qurucusu, Ulu Öndər Heydər Əliyev daim hərbçilərə diqqət və qayğı göstərib və bu gün cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları Ordu quruculuğunu inkişaf etdirərək, Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına daxil etmişdir", deyə qeyd edən S.Mustafayev əlavə edib ki, Azərbaycan əsgəri daim öz Vətəninin, dövlətinin ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyur və işğal altında qalan torpaqlarımızı hər an azad etməyə qadirdir: "Bu gün and içən hər bir gənc əsgər əmindir ki, düşmənə qalib gəlməyə qadirdir. Müdafiə Naziri Zakir Həsənov, Silahlı Qüvvələrimizin Baş Qərargah rəsisi cənab Nəcməddin Sadıqov da öz fəaliyyətləri ilə daim Ordu quruculuğunda töhfələrini verir, əsgərlərimizin, zabit heyətinin qayğısına qalırlar. Mən bu gün and içən bütün əsgərlərimizi belə bir şərəfli gün münasibəti ilə təbrik edir, xidmətlərində uğurlar diləyirəm".

Sonra söz YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzova verilib. Millət vəkili vurğulayıb ki, müasir və müstəqil Azərbaycan Ordusunda hərbi xidmət keçmək şərəflidir. "Bu gün buraya toplaşan hər bir əsgər valideyni övladının hərbi and içməsindən qürur duyur. Çünki gənc əsgərlərin hər biri ana Vətəninin xidmətində dayanacaq. Eyni zamanda, hərbi xidmət keçmək böyük bir həyat məktəbidir. Bu məktəbi keçən əsgərlərimiz gələcək həyatlarında dövlət və Vətən sevgilərini daha dərindən aşılayacaqlar. Belə bir qürur hissini əsgərlərimiz və onların valideynləri ilə birgə keçirməkdən biz də şərəf duyuruq. Burada hərbi xidmət keçən bütün əsgərlərimizi, zabit heyətini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Yaşasın Azərbaycan Ordusu, Yaşasın Ali Baş Komandanımız cənab İlham Əliyev!".

Daha sonra Vətənə xidmət andı içmiş gənc əsgər Azad Məmmədov və gənc matros Murad Cahangirov çıxış edərək qeyd ediblər ki, Azərbaycan Respublikasına xidmət etməkdən qürur duyurlar və öz hərbi xidmətlərini layiqincə yerinə yetirib, Vətən borcundan şərəflə çıxacaqlar.

Çıxış edən əsgər nənəsi Şəfaqət Məmmədova isə öz növbəsində hərbi hissə rəhbərliyinə belə bir tədbir keçirdiklərinə görə bütün valideynlər adından minnətdarlığını bildirib və qeyd edib ki, hər bir and içmiş əsgər belə bir tarixi günü yaşamaqla onu öz həyat səhifəsinə yazacaq. "Belə bir gün münasibəti ilə hər kəsi təbrik edir, xidmətlərini uğurla başa vurmalarını arzulayıram", deyə o qeyd edib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, bədii hissə başlayıb. Respublikanın tanınmış incəsənət ustaları öz musiqi töhfələri ilə tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər.

Rövşən Nurəddinoğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...