Saxta sənəd alverinin qurbanları intihar edir, yaxud harınlamış müxalifətçilər kimlərdir?

AXCP və Müsavatın saxta sənədləri əsasında Avropa ölkələrindəki düşərgələrdə yerləşdirilmiş azərbaycanlılar barədə narahatedici xəbərlər gəlməkdədir. Məlumatlar var ki, adları çəkilən partiyaların saxta arayışları ilə Avropaya getmiş soydaşlarımız qeyri-insani rəftara və yaşam şəraitinə dözməyərək, intihar edirlər.

Amma nədənsə saxta sənəd alverinin "bazarkomları" Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, Oktay Gülalıyev, Leyla Yunus kimilər bu barədə ya susur, ya da günahı hakimiyyətin üzərinə atmağa çalışırlar.

Ortada olan faktlar göstərir ki, AXCP və Müsavatın Avropada yaşayan Qənimət Zahid, Məhəmməd Mirzəli, Fikrət Hüseynli və İnqilab Kərimovla sıx iş birliyi və bazarlığı var. Təsadüfi deyil ki, Fransada yaşayan cəbhəçi, "Kanal Turan"ın əməkdaşı Türkel Azərtürkün bir neçə gün əvvəl yayılmış səs yazısında oturum almağın azı 2500-3000 dollara başa gəldiyi deyilirdi. Məhz belə şıdırğı alverin nəticəsidir ki, adları çəkilən harınlamış müxalifətçilər gecə musiqi sədaları altında əylənir, bir-birinin başına avroşabaş yağdırır, arayışların saxtalığına görə Almaniya və Fransadakı kamplarda pis vəziyyətdə qalmış azərbaycanlılar isə intihara əl atırlar. Budur müxalifətin Avropada yaratdığı cinayətkar şəbəkənin əməlləri...

Bu yaxınlarda Avropadakı "söyüş batalyonunun" fəallarından olan Əli Oğuz (Hüseynəliyev) bildirib ki, burada qruplaşmış adamlar var: "Dəstək vermək əvəzinə, kimki ağıllıdır, müstəqil düşünə bilir, bunların fırıldaqlarını görür, həmin adamları çıxdaş edirlər, ləkələyirlər, "agent" adlandırırlar... Mən 2016-cı ilin oktyabrında Almaniyaya qaçmışam və noyabrda AKM-çilərlə görüşmüşəm. Mənə Çağlar Qasımovu təqdim etdilər. Həmin adam kazinoda 1 saatın içində 2000 avro pul uduzdu. Bunlar bu pulu hardan alıblar bəs? Onlar sənəd alveri edirlər. Saxta qaçqınlıq sənədləri satırlar. Hətta mənim özümə də təklif etmişdilər. Mən Arif Hacılının müavininə də demişəm bu barədə. Həmin adamlar da olurlar bunların trolları. Kimin üstünə göndərirlərsə, hamısı gəlib hürürlər. Burada guya "Siyasi məhbuslara azadlıq" adı ilə aksiyalar təşkil edirlər. Öz qohumlarının, pul aldıqları şəxslərin adına mitinq təşkil edirlər ki, guya həmin adamlar mitinqlər

keçirirlər... Səxavət Soltanlı iddia edirki, 3 ildə 297 arayış verib. Onların hamısı buradadır. Burada "sənəd alveri"nin başında Fikrət ("Azadlıq" qəzetinin və "Kanal Turan"ın əməkdaşı Fikrət Hüseynlini nəzərdə tutur - red.) durur. Hər kəs Fikrətdən alır sənədləri. Ona görə, Ukraynada həbs olunmuşdu. Ona görə, Hollandiya oturum vermədi ona... Komandanın başında İnqilab Kərimov (Ə.Kərimlinin əmisi oğlu - red.) durur. Söyüş söyürlər... Q.Zahid o qədər yalan məlumat yazır ki. Məhəmməd Mirzəli kimi klounluq edib, saxta videolar paylaşmaq lazım deyil. Məhəmməd Mirzəli bütün nəslini-kökünü yığıb Fransaya...".

Şübhə yoxdur ki, mühacir biznesindən qazanılan pullar ancaq Avropadakı fırıldaqçılar tərəfindən mənimsənilmir. Vəsaitin əhəmiyyətli hissəsi Azərbaycana - saxta arayışlar satan Ə.Kərimliyə, A.Hacılıya və başqalarına göndərilir. Ona görə də, illərdir heç bir yerdə işləməyən bu müxalifət "liderləri", keçmiş cəbhəçi Sahib Kərimlinin təbirincə desək, "lordlar kimi həyat sürürlər"...

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...