Türkiyədə Ərzurum Konqresinin 100 illiyi qeyd olunub

Ərzurum Konqresinin işə başlamasının 100 illiyi münasibətilə Türkiyənin Ərzurum şəhərində təntənəli mərasim təşkil olunub. SİA xəbər verir ki, mərasimdə Türkiyənin dövlət və hökumət nümayəndələri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Mərasimdə məlumat verilib ki, 1919-cu il iyulun 23-də başlayıb avqustun 7-dək davam edən Ərzurum Konqresi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Anadoluda başlanan milli-qurtuluş mübarizəsinin qələbəsində tarixi rol oynayıb. Konqresin səkkiz bənddən ibarət qətnaməsinin birinci müddəası belədir: milli sərhədlər çərçivəsində vətən bölünməz bir varlıqdır və parçalana bilməz. Ərzurum Konqresi o dövrdə keçirilib ki, Osmanlı dövlətinə qarşı döyüşən böyük güclər İzmir və Manisanın işğalından sonra Trabzon və Ərzurum da daxil olmaqla indiki Türkiyənin şərqində yerləşən 7 vilayəti ələ keçirmək niyyətindən çəkilmək istəmirdilər. Ulu öndər Mustafa Kamal Atatürkün ətrafında birləşən türk xalqı düşmənin bütün mənfur niyyətlərini puç etdi.

Rəsmi hissədən sonra mərasim bədii proqramla davam edib. Tarixi həqiqətləri əks etdirən rəsm sərgisi açılıb. Ərzurumun mərkəzində izdihamlı yürüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...