"Jurnalistlərin peşəkarlığı artırılmalıdır"

UNESKO-nun baş direktoru Odri Azulay Paris-Dofin Universitetində keçirilən Dünya Jurnalist Təhsili Konqresinin (WJEC) iclasında bildirib ki, yeni texnologiyalar əsrində jurnalistlərin peşəkarlığı artırılmalıdır. SİA təşkilatın saytına istinadla xəbər verir ki, tədbirdə 60 ölkədən gəlmiş 600 iştirakçı media nümayəndələrinin peşə hazırlığının yüksəldilməsi, jurnalistika qarşısında duran vəzifələr və yeni çağırışlar, innovasiyaların tətbiqi məsələlərini müzakirə ediblər. Artıq on beşinci dəfədir ki, WJEC hər üç ildən bir bu cür tədbirlər keçirir.

“WJEC Paris 2019”a sədrlik edən universitetin direktoru Paskal Guene təhsil məsələləri ilə yanaşı, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi məsələlərindən də bəhs edib. Dünya Jurnalist Təhsili Şurasının prezidenti Co Fute də yeni innovativ texnologiyalar əsrində media nümayəndələrinin fəaliyyətinin müxtəlif aspektləri, araşdırmaçı jurnalistlərin daha əsaslandırılmış tədqiqatlarına ehtiyac olduğunu söyləyib. Hər iki natiq rəqəmsal texnologiyalar və sosial şəbəkələrin geniş yayıldığı şəraitdə yanlış məlumatların yayılmasının cəmiyyət üçün təhlükəli cəhətlərini önə çəkib.

UNESKO-nun baş direktoru Odri Azulay auditoriyanın diqqətini söz və mətbuat azadlığına, dünyanın müxtəlif ölkələrində media nümayəndələrinin təhlükəli şəraitdə çalışmasına yönəldib. O deyib: “Peşəkar jurnalistika rəqəmsal texnologiya əsrində ən güclü silahdır. Lakin bu peşə sahiblərini idarə edən xüsusi nazirlik yoxdur və onlar ancaq həqiqətin rəhbərliyi altında fəaliyyət göstərirlər və öz vicdanlarına tabedirlər. Biz media nümayəndələrinin obyektiv informasiya sahəsində fəaliyyətini dəstəkləməli, eyni zamanda, onların təhlükəsizliyinin təmin edilməsinə səy göstərməliyik. Peşəkar jurnalistika cəmiyyətlərə inkişaf yolunu tapmaqda və mühüm problemləri həll etməkdə ən yaxşı yardımçıdır”.

Qeyd olunub ki, UNESKO tədbir iştirakçılarını gender bərabərliyi, yanlış məlumatlar, iqlim dəyişməsi və digər məsələlərə dair 1400 nüsxə tədris vəsait ilə təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...