"Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" KONFRANS

İyulun 22-də Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransın moderatoru Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan-Çin münasibətlərindən bəhs edib. O qeyd edib ki, ölkələrarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərini xatırladan M.Qurbanlı bildirib ki, hər iki dövlət arasında iqtisadi, siyasi sahələrdə əməkdaşlıq davam edir. Azərbaycan və Çin "Bir kəmər, bir yol" layihəsində əməkdaşlıq edirlər. Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ölkələrimizin parlamentləri arasında da əməkdaşlıq mövcuddur.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sun Tao bildirib ki, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlər mövcuddur. Bu da xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsir göstərir. Azərbaycanın və Çinin hakim partiyaları arasında da yaxşı əlaqələr var.

Sun Tao Çinin inkişafı barədə məlumat verib. Çində maşınqayırma və digər sənaye sahələri inkişaf edib. Ötən 70 il ərazində Çin beynəlxalq aləmdə böyük nüfuza malik ölkəyə çevrilib. Rəsmi Pekin dünyada sülhü və sabitliyi dəstəkləyir. Çin sosialyönümlü siyasəti reallaşdıraraq kapitalını dünya miqyasında gücləndirməkdə maraqlıdır. Çin hökuməti hər bir islahatı reallaşdırarkən əhalinin problemlərinə xüsusi diqqət yetirir.

Çin rəsmisi ölkəsinin xarici siyasətindən də danışıb. O bildirib ki, Çin terrorçuluğa qarşıdır, dünyada sabit və mükəmməl bir gələcəyin bərqərar olmasını istəyir.

Sun Tao, həmçinin Azərbaycanda gedən inkişaf proseslərinin təqdirəlayiq olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əməkdaşlığından məmnun olduğunu deyib.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu son dövrlər inkişaf edən Azərbaycan-Çin münasibətlərindən danışıb. O bildirib ki, hər iki ölkə "Bir kəmər, bir yol" layihəsində əməkdaşlıq edir. Bu layihə sayəsində Şərq və Qərb arasında böyük ticarət dəhlizi mövcud olacaq. Artıq bu meqalayihənin reallaşması üçün Azərbaycanda Bakı Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli resurslar mövcuddur. Bu nəqliyyat dəhlizi vasitəsilə Çin malları təklüləsizlik şəraitində Avropaya daşınacaq.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan Çində 40 il əvvəl başlanan və bu gün müsbət nəticələr verən islahatları diqqətlə izləyir. Reallaşan islahatlar təkcə Çinin deyil, bütün dünyanın iqtisadiyyatına müsbət təsir edir.

YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, hazırda Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir. Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə