Media nümayəndələri Atletlər Kəndində

İyulun 22-də media nümayəndələri "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalının iştirakçılarının qaldıqları Atletlər Kəndində yaradılan şəraitlə tanış olublar. SİA xəbər verir ki, KİV nümayəndələrinə Atletlər Kəndi barədə ətraflı məlumat verilib. Bildirilib ki, buradakı 13 binadan 6-sı Avropa Gənclər Olimpiya Festivalı (EYOF) üçün ayrılıb. Atletlər Kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb.

Qeyd edək ki, Bakının 12 idman obyektində keçirilən mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...