“İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dosent Oqtay Quliyevin təqdimatında İnstutunun əməkdaşları üçün “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda təlim təşkil olunub. SİA-nın verdiyi məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov təlim iştirakçılarını salamlayaraq bildirib ki, İnstitut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə davamlı tədbirlər və görüşlər təşkil edir.

C.Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. O, gənc kadrların intellektual səviyyəsinin yüksəldilməsində və daha böyük nəticələrin əldə olunmasında bu cür təlimlərin xüsusi rol oynadığını vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dosent Oqtay Quliyev “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda məruzə ilə çıxış edib. Sosial məsuliyyət haqqında ətraflı məlumat verən O.Quliyev etik-davranış qaydalarını dəqiqləşdirən normaların, həmçinin təminatların dövlət orqanlarının normativ hüquqi aktları ilə müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, yüksək nəticə əldə etmək üçün kollektivin böyük bir hissəsi məsuliyyətli, mehriban, yüksək iş bacarığına malik ixtisaslaşdırılmış peşəkar işçilərdən təşkil olunmalıdır.

Təlimdə işçinin şəxsiyyətinə hörmətlə yanaşmaq; bütün problemləri açıq müzakirə edərək, vahid fikrə gəlmək; şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirmək; rəhbərlə, yaxud tabeliyində olanlarla nəzakətlə, diqqətlə və səbirlə davranmaq haqqında geniş məlumat verilib.

Təlim tələbələrin və qonaqların maraqlı müzakirələri ilə davam edib.

Sonda təlim iştirakçıları sertifikatlarla təltif olunublar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə