144 il böyük tarixi inkişaf yolu keçən milli mətbuatımız TƏHLİL

XIX yüzillikdə "Əkinçi"dən başlanan mübarizələrlə dolu yolun 144-ci ildönümünün astanasındayıq. Tarixə nəzər salanda, bu yolun başlanğıcında Azərbaycan mətbuatında əbədi iz buraxan Həsən bəy Zərdabinin işıqlı siması, nurlu əməlləri ilə üz-üzə dayanırıq. Azərbaycana olan sonsuz məhəbbəti, xalqına və millətinə xidmət etmək arzusu onun belə bir mətbuatın təməl daşını qoymasına gətirib çıxarır. Doğma ana dilində qəzetə böyük ehtiyac duyulduğu zamanda fədakarcasına, minbir zəhmətlə, əzab-əziyyətlə 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail olan Həsən bəy Zərdabi bu mətbu orqanla milli mətbuatımızın əsasını qoymuş oldu. Bu, elə bir dövr idi ki, zamanla məqsəd-məslək arasında bir uçurum və ziddiyyət var idi. Milli ruhda, milli dildə qəzet çıxarmaq üçün hökumətdən icazə almaq çətin və illərin bahasına mümkün idi. Reallıqları nəzərə alaraq, çətin bir yolda çox əmək və zaman itirəcəyini Zərdabi yaxşı başa düşürdü: "Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır".

Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, ən münasib vasitələrdən biri mətbu söz olduğunu dərk edən Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin nəşrinin əhəmiyyətini çox aydın dərk etdiyindən, hər bir əzaba qatlaşdı və zəhməti bəhrə verdi. XIX əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan və cəmi 56 nömrəsi çıxan qəzet 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirərək, ayda iki dəfə 300-400 tirajla nəşr olundu.

"Əkinçi"nin dəsti-xətti bir ideya üzərində qurulduğundan, bu qəzetə maarifpərvər və demokratik ruhlu qələm sahibləri cəlb olundu. Onlar öz sözlərini dolayı yolla olsa da, bu qəzet vasitəsilə xalqa çatdıra bildilər. Qısa bir zamanda, "Əkinçi"də Moskvadan Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olundu.

"BİZ MÜSƏLMANLAR ELMDƏN, VƏBA NAXOŞLUĞUNDAN QAÇAN KİMİ QAÇIRIQ, HƏTTA PADŞAHLIQ XƏRCİ İLƏ DƏ OXUMAQ İSTƏMİRİK..."

Hər nömrəsində xalqı maarifləndirmək ideyası ilə oxucuların görüşünə gələn "Əkinçi" xalq danışıq dilində öz fikirlərini geniş bir təbəqəyə çatdırırdı. "...Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar" deyən Həsən bəy bu işlə çox böyük və məsuliyyətli bir işə imza atdı və bu imza Azərbaycanın tarixində yeni bir səhifəni açmış oldu. "Zəmanə dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır" deyərək, milləti elmin qapılarını açmağa çağırdı. Azərbaycan xalqının maariflənməsi, elmə və təhsilə yiyələnməsi Həsən bəy Zərdabini daim narahat etdiyindən, o, bu məsələyə geniş məkandan yanaşaraq, müqayisələr aparır və oxucuların bu haqda təfsilatı ilə məlumatlandırırdı. Qəzetin "Daxiliyyə" bölməsində yazılan məqalələrdən birində dünya ölkələrində, eləcə də, Azərbaycanda təhsil alan uşaqların sayı barədə məlumat verərək yazır ki, Rusiya dövlətinin 80 milyon xalqından bir milyon məktəbxanalarda oxuyan şagirdləri var: "Amma qeyri- vilayətlərdə, məsələn, Yeni Dünya, yəni Amerika qitəsində cəmahiri-müttəfiqə yerlərində hər 15 adamdan birisi oxuyur. Pəs Rusiya elm təhsil etməkdə qeyri millətlərdən geri qalıb. Bu axır zaman on illik müddətində Rusiya oxumaqda çox tərəqqi edib... Bizim quberniyada bircə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən, 250-si rus, 150-si erməni və 100-ü müsəlmandır. 33 zikr olan müsəlmanlardan padşahlıq xərci ilə pansionda oxuyur, baqisi öz xərcləri ilə oxuyurlar. O cümlədən, 30-acan Badkubə əhlidir ki, əvvəlinci klassa giribdirlər, rus dili öyrənib, sonra öz dadistədlərinə məşğul olsunlar. Əlbəttə, onları elm təhsil edən hesab etmək olmaz. Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri- millətlərdirlər. Biz müsəlmanlar elmdən, vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik...".

Həsən bəy çox böyük təəssüf hissi ilə "Ey müsəlmanlar, heç mürüvvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər, amma bizlər "Allahdan buyuruq, ağzıma quyruq" deyib duraq?" deyərək, ən böyük dərd içində ağrı-acını yaşıyır və nicatın təhsildən başladığını gözəl bilirdi. Bu haqda yazdıqca, ürəyi boşalmırdı.

MAARİFPƏRVƏR İDEYALARINI ORTAYA QOYAN ZƏRDABİ BÖYÜK BİR MƏKTƏB YARATDI

"Əkinçi"yə qədər azərbaycanlılar dünya haqqında məlumatı və yeni xəbərləri, əsasən, əlyazma səyahətnamələrdən, uzaq ellərdən gələn qasidlərdən, xarici səfirlərdən, tacirlərdən və s.

alırdılar. Qəzetin "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Məktubat" və s. bölmələrində, artıq oxucular qəzet vasitəsilə daxili və xarici xəbərləri əldə edə bilirdilər. Çox çətinliklə də olsa, Həsən bəy dünyada baş verənləri qəzetin səhfiələrində işıqlandırırdı. Oxucunu siyasi cəhətdən maarifləndirmək məqsədilə "Əkinçi" İngiltərə, Fransa, Rusiya kimi böyük dövlətlərdə belə baş verən ictimai-siyasi hadisələri qəzetin səhifələrinə gətirir. Məsələn, "Təzə xəbərlər" bölməsinin nömrələrində yazır: "İstanbuldan "Birjevoy vedomosti" qəzetinə yazırlar ki, Qerdseqovinə buntu aşkar olan zaman Osmanlı dövləti ona məhəl qoymurdu, elə ki, xəbər gəldi ki, ətrafda olan xaçpərəstlər kömək edirlər və bu işdə slavyan millətinin birləşməyə qəsdi var və slavyanların başçısı Rus dövləti onların tərəfini saxlayacaqdır, ol vaxtda Asiya və Afrika qitələrindən əsgərləri İstanbula gətirib, gəmi ilə Qerdseqovinəyə göndərdilər". Daha sonra qəzet yazır... Tehrandan "İndipendans Belği" qəzetinə yazırlar ki, bu il şah Şiraza getmək istəyir idi, amma getmədi. Ona binaən ki, orada aclıq var. Bu sözləri yazan deyir". Bu və ya digər məqalələrdə ictimai-siyasi məzmun daşıyan məqalələrə yer verir.

Millət və xalq üçün səsini ucaldan və qəzetin hər səhifəsində maarifpərvər ideyalarını ortaya qoyan Zərdabi böyük bir məktəb yaratmış oldu. "Əkinçi" onlar üçün xalqa təmənnasız və sədaqətlə xidmətin, ideyalılığın, ictimai və milli zülmə qarşı mübarizənin, dünya elminin nailiyyətlərini yaymağın, prinsipial, demokratik mətbuatı inkişaf etdirməyin ilhamverici, gözəl nümunəsinə çevrildi. Özündən sonra gələn Azərbaycan mətbuatının nümayəndələri bu məktəbdən bəhrələndi və yeni məktəblər meydana çıxdı. Hətta elə bir mühit yetişdi ki, 1906-cı ildə "Molla Nəsirəddin" kimi, böyük bir satirik jurnal meydana çıxdı. Beləliklə də, Azərbaycan mətbuatında satirik jurnalistikanın da əsası qoyulmuş oldu. Bununla yanaşı, "Fyuzat" ədəbi məktəbi yaradıldı. Ona görə də, tam cəsarətlə demək olar ki, 1900-cü illərdə fəaliyyət göstərən mətbuat orqanlarının böyük əksəriyyəti millətə xidmət edən, milli müstəqilliyə çağırış notları ilə çap edilən bu qəzetlərin hər biri bir məktəb rolundadır və "Əkinçi" bir qaraquş kimi ilk milli mətbuatımızın tarixini yazmış oldu.

AZƏRBAYCAN MƏTBUATI "ƏKİNÇİ" ƏNƏNƏLƏRİNDƏN BƏHRƏLƏNİR

Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğçisinə çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində,

formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ və obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər Heydər Əliyev KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər Heydər Əliyev böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ildə isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Dahi Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Bu gün artıq mətbuatımızın 144-ci ildönümünü qeyd edirik. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rolu var. Mətbuat demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vasitədir.

Mətbuat işçilərinə göstərilən diqqət jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Hər bir mətbuat işçisi istənilən vəziyyətdə məsuliyyət hissini unutmamalıdırlar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə