AGO Festivalının nəqliyyat əməliyyatlarının icrasını BNA həyata keçirəcək

Paytaxtımızın ev sahibliyi edəcəyi XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrası Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək. SİA Agentliyə istinadən bildirir ki, məqsəd nəzərdə tutulan nəqliyyat əməliyyatlarının daha rahat və təhlükəsiz təşkil etmək, tədbirlərin keçirildiyi məkanlara gedərkən şəxsi nəqliyyat vasitəsindən istifadəni minimuma endirməkdir. Planlaşdırılan nəqliyyat tədbirlərinin insanların gündəlik həyat ritminə mənfi təsirlərinin qarşısını almaq da qarşıya qoyulan əsas məqsədlərdəndir.

İyulun 20-28-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən bir sıra işlər görülüb və qarşıdakı günlərdə də müəyyən tədbirlərin icrası davam etdiriləcək. Festivalın açılış (iyulun 21-i) və bağlanış (iyulun 27-si) mərasimləri zamanı daşımalar 2 ekspress marşrut xətləri ilə həyata keçiriləcək. Hər iki ekspress xətt üzrə daşınmaların həyata keçirilməsi üçün 40 “Iveco” və “Isuzu” markalı avtobusun ayrılması planlaşdırılır. Açılış və bağlanış mərasimlərinə atletlərin, tədbir iştirakçılarının, media işçilərinin daşınması üçün isə 106 “Neoplan”, 35 “Mercedes Sprinter” avtobusların ayrılması planlaşdırılır. Açılış mərasimi zamanı Atletlər kəndi, Bulvar otel, Heydər Əliyev Arenası, Gəncəli Plaza və X1, X2 ekspress xətləri üzrə 11 min 500 sərnişinin daşınması nəzərdə tutulub. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə ictimai nəqliyyat gecə 01:00-dək fəaliyyət göstərəcək.

X1 xətti üzrə avtobuslar (“28 May” metro stansiyasından “Baku Cristal Hall”a, X2 xətti üzrə avtobuslar isə “Elmlər Akademiyası” metro stansiyasından “Baku Cristal Hall”a qədər sərnişinləri daşıyacaq.

Festivalın keçiriləcəyi məkanlardan 12 ədədi yarış məkanı, 7 ədədi isə qeyri-yarış məkanı olacaq. Festivalla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək nəqliyyat əməliyyatlarına 100 nəfərdən çox BNA əməkdaşı cəlb olunacaq. Yarış və qeyri-yarış məkanlarına iyulun 11-dən etibarən sınaq yürüşləri təşkil olunur ki, bu da sürücülərin hərəkət sxemləri, yarış və qeyri-yarış məkanları ilə tanışlıq xarakteri daşıyır.

Festivalın keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Qonaqların və atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 “Neoplan” avtobus və 38 miniavtobus (“Mercedes Sprinter”) cəlb edilib. Avtobusların müvafiq texniki müayinədən keçirilməsi təmin olunub.

Daşımalarda iştirak edəcək 435 sürücü heyəti isə təlimlərə cəlb edilib. Qonaqların və yarış iştirakçılarının rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətlərindən istifadə etməsi üçün proses vahid məkandan həyata keçiriləcək. Bu məqsədlə yenidən qurulan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi tezliklə Tədbir Əməliyyat Komitəsinin (EVENTOC)un istifadəsinə veriləcək. Qeyd olunan daşımalar BNA tərəfindən hazırlanan nəqliyyat planına uyğun icra ediləcək.

Artıq avtobuslar və sürücülər müvafiq olaraq yarış məkanları üzrə qruplaşdırılaraq hazır vəziyyətə gətirilib. Sürücülər marşrutların hərəkət istiqamətləri üzrə təlim məşqləri keçib.

Yarış və qeyri-yarış məkanlarına daşınma zamanı avtobusların rahat və təhlükəsiz şəkildə hərəkət etmələri üçün müəyyən olunan marşrutlara uyğun olaraq paytaxtın müəyyən küçə və prospektlərində sarı zolaqlar çəkilib.

Avtobusların depolanması üçün Bakı Nəqliyyat Agentliyinin avtobus deposu nəqliyyat əməliyyatları üçün hazır vəziyyətə gətirilərək EVENTOC-a təhvil verilib, həmçinin Tədbir Əməliyyat Komitəsinin işçiləri üçün depo ərazisində müvafiq şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə