Penitensiar Xidmətin Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsində cari ilin birinci yarısının yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun sədrlik etdiyi müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabeli qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə general-leytenantı Ceyhun Həsənov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin həyata keçirildiyini deyib. Nazir müavini bildirib ki, dövlətimizin başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Sərəncam və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” ilə hüquqi islahatların növbəti mərhələsinə start verilib. Hüquq-mühafizə orqanlarının, o cümlədən Penitensiar Xidmətin əməkdaşlarının sosial müdafiəsi də dövlətimizin başçısının diqqətindən kənarda qalmayıb, müvafiq sərəncamlarla vəzifə maaşları artırılıb, digər sosialyönümlü tədbirlər həyata keçirilib.

Eyni zamanda, dövlətimizin başçısının imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamın icrası davam etdirilib, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi istiqamətində müvafiq işlər görülüb.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2019-cu ilin ilk altı ayındakı fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının humanist siyasətinin növbəti təzahürü olan 16 mart tarixli əfv Sərəncamı məhkumlar və onların ailələri tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanıb. Sərəncama əsasən, 402 məhkum, o cümlədən azadlıqdan məhrumetmə cəzasını çəkən 399 məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilib. Üç məhkumun isə ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Hesabat dövründə Cinayət Məcəlləsində dəyişikliklərə dair Qanunun icrası davam etdirilib, penitensiar müəssisələrdə cəza çəkən 6549 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim olunub. Məhkəmə qərarları əsasında 655 məhkum cəza çəkməkdən azad olunub, 2512 məhkumun cəza müddəti azaldılıb, 437 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.

Bildirilib ki, bu ilin birinci yarısında həbs edilmiş şəxslərə və məhkumlara qadağan olunmuş, habelə saxlanmasına icazə verilməyən əşyaların daxil olmasının qarşısının alınması, onların müəyyənləşdirilərək götürülməsi prosesi davam etdirilib. Axtarış-baxış tədbirlərinin keyfiyyətli keçirilməsi, əməliyyat-rejim tədbirlərinin daha səmərəli təşkili nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 29 litr qıcqırdılmış maye, 40 fakt üzrə 58,581 qram narkotik və psixotrop maddə, 47 mobil telefon aşkarlanaraq götürülüb.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 385 müxtəlif cinayətin üstünün açılmasına kömək göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş odlu və soyuq silah, habelə sursat götürülərək aidiyyəti orqanlara təhvil verilib.

Qeyd olunub ki, hesabat dövründə Baş İdarədə və tabeli qurumlarda təmir-abadlıq işləri davam etdirilib. Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilib, işıq, qaz və su sərfiyyatında israfçılığa yol verilməyib. Tərbiyə işinə, xüsusilə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlarla sosialyönümlü işə aidiyyəti dövlət strukturlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilib. Müşavirədə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...