Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Konstitusiya Məhkəməsində olub

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr. Valid bin Mohammad Al-Samaaninin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə iyulun 16-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib. Səudiyyə Ərəbistanı Krallığı nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu bildirən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Sədr Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun səmimi dostluq münasibətlərinin iki ölkənin müvafiq qurumları arasında işgüzar əlaqələrin inkişafına zəmin yaratdığını qeyd edib.

Bu ilin əvvəlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xatırladan Fərhad Abdullayev iyulun 15-də isə Bakıda Əməkdaşlıq Proqramının imzalanmasının vacibliyini vurğulayıb. Sədr Fərhad Abdullayev bildirib ki, ikitərəfli əlaqələrin yüksək səviyyədə olması qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və məhkəmə-hüquq sahəsindəki yeniliklərlə tanışlıq üçün əlverişli şərait yaradır. Bu baxımdan ölkələrimiz arasında hüquq sahəsində münasibətlərin uğurlu inkişafı və əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar var.

Nümayəndə heyətinin rəhbəri Dr.Valid bin Mohammad Al-Samaani Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Ölkəsinin Ali Məhkəmə Şurası ilə Azərbaycanın Konstitusiya Məhkəməsi arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdıran qonaq Səudiyyə Ərəbistanı Krallığının məhkəmə-hüquq sistemi barədə ətraflı məlumat verib.

Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edən Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Azərbaycanın sürətli inkişafından və ölkəmizin gözəlliyindən məmnunluğunu bildirib.

Söhbət zamanı Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə