Yeni Günəşliyə yeni su xəttinin çəkilməsi bu ayın sonu başa çatacaq "Azərsu"

Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən başlanan yeni layihə bu ayın sonu başa çatacaq.

SİA-nın məlumatına görə, bu barədə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, layihə çərçivəsində yaşayış massivinin mərkəzi küçəsi boyu 1000 mm diametrli borularla uzunluğu 1 km-dən çox olan yeni magistral su xətti inşa edilir: "Artıq həmin xəttin 50 faizindən çoxu çəkilib və işlər hazırda 2 nöqtədə davam etdirilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra şəbəkəyə birləşmə veriləcək. Bununla da, Yeni Günəşli yaşayış massivində dayanıqlı su təchizatı təmin olunacaq.

İndiyədək bu ərazilərə içməli su hər birinin diametri 600 mm olan 2 magistral xətlə verilirdi. Yeni Günəşli yaşayış massivi salınarkən inşa edilmiş həmin xətlər uzun müddətdir istismar olunurdu. Buna görə də relyef baxımından nisbətən yüksəklikdə yerləşən əraziyə suyun çatdırılmasında müəyyən problemlər yaranırdı. Mövcud xətlər qəzalı vəziyyətdə olmaqla yanaşı, əhalinin içməli suya olan artan tələbatını tam ödəməyə imkan vermirdi. Məhz bu səbəbdən yaşayış massivini içməli su ilə təmin edən kəmər yenisi ilə əvəzlənir. Ərazidə işlər bu ayın sonuna qədər başa çatacaq".

Qeyd edək ki, 2019-cu ilin investisiya layihəsinə əsasən, Suraxanı rayonunun 6 yaşayış məntəqəsində magistral və paylayıcı su xətlərinin inşası həyata keçirilir. Yeni Günəşli yaşayış massivi ilə yanaşı, rayonun Bülbülə, Əmircan, Zığ, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində mərhələli şəkildə həyata keçirilən layihələr çərçivəsində ümumilikdə 33 km-dən çox magistral və paylayıcı su xətləri çəkiləcək, sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan indiyə qədər su xətlərinin 20 km-lik hissəsi tikilib. Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə