BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi Alessandro Frakasseti ilə görüş keçirilib.

Agentlikdən SİA-ya verilən məlumata görə, görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində KOBİA-nın fəaliyyəti, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün yeni biznes imkanlarının təmin edilməsi, onların müxtəlif dəstək mexanizmlərinə çıxışının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı istiqamətində həyata keçirilən proqramlar və strateji təşəbbüslər haqqında ətraflı məlumat verib.

UNDP-nin ölkə üzrə nümayəndəsi Alessandro Frakasseti rəhbərlik etdiyi qurumun beynəlxalq səviyyədə və Azərbaycanda həyata keçiridiyi layihələr haqqında geniş məlumat verib, Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında özəl sektorun rolunun əhəmiyyətini qeyd edib. Alessandro Frakasseti KOBİA-nın fəaliyyət istiqamətləri üzrə xüsusilə regionlarda sahibkarların bilik və bacarıqlarının artırılması, gənclərin, qadınların və əlillərin sahibkarlıq imkanlarının genişləndirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...