Azərbaycan tarixinin dönüş nöqtəsi

Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayon icra hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Mixail Zabelin, iqtisad elmləri doktoru, professor Qəzənfər Abbasov, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışaraq bildirib ki, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarix Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıc mərhələsidir: "Ümummilli Lider Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental-strateji istiqamətlərini müəyyənləşdirdi".

S.Mikayılov onu da vurğulayıb ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Millət vəkili Mixail Zabelin öz çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyalarının dayandığını bildirdi. Qeyd etdi ki, dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara sövq edəcək.

Tədbirdə çıxış edən iqtisad elmləri doktoru, professor Qəzənfər Abbasov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini söyləyib.

Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ulu Öndərin siyasi fəaliyyəti haqqında danışaraq, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi olduğunu bildirib. A.Hüseynov həmin dövrdə əldə olunmuş nailiyyətlərin Azərbaycanın müstəqillik dönəmində baza rolunu oynadığını söyləyib.

Tədbirdə Qaradağ rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərindən bəhs edib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə