Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsi

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr edilmiş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Ümummmilli Liderimiz Heydər Əliyevin 50 il əvvəl Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə bağlı çıxış edərək deyib ki, 1992-ci ildə uçurum kənarında olan ölkəmizi, yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyini başa düşən bir qrup vətənpərvər şəxs öz həyatı üçün yarana biləcək heç bir təhlükədən qorxmayaraq Naxçıvana yığışıb, məhz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratdı: "Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zəruriyyətdən yaranmış bir partiyadır. Qısa bir vaxt ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazandı və güclü təşkilati struktur yaradaraq, böyük siyasi qüvvəyə çevrildi. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutmuşdur."

Daha sonra çıxış edənlərdən YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov, 72 saylı məktəb-liseyinin direktoru, ərazi ilk partiya təşkilatının sədri Fərqanə Abbasova, 169 saylı tam orta məktəbin direktor müavini Fərman Əmirov və başqaları öz çıxışlarında qəti əminliklə bildiriblər ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı, məhz 1969-cu ildən - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən hesablanır. Həmçinin, bildirilmişlər ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə