Azərbaycanın özünə qayıdış günü!

Hər bir xalqın tarixində elə hadisələr olur ki, onlar zaman-zaman, əsrlər keçsə də daima xatırlanır, minnətdarlıq hissi ilə yad olunur. 50 il bundan əvvəl Azərbaycanın, onun xalqının həm tarixində, həm də taleyində əhəmiyyətli dönüş başladı. Əlli il bundan əvvəl, iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi haqqında qərar ictimai düşüncədə və fərdi düşüncədə respublikanın dəyişilməsinə ehtiyacın dərk edilməsi ilə üst-üstə düşdü. O zaman Azərbaycan, sözün əsl mənasında, böyük yenilikliklərə və inkişafa ehtiyac duyurdu. Ulu Öndərin Azərbaycana rəhbər seçilməsindən sonrakı illərdə Azərbaycan, sözün əsl mənasında, ciddi şəkildə dəyişməyə başladı. Respublikanın sosial-qitisadi və elmi-mədəni həyatında olduqca böyük yeniliklərə imza atldı. Bütün bunların canlı şahidi olaraq, o zamankı quruculuq və inkişaf işləri yaddaşıma əbədi həkk olub.

Söhbət təkcə Azərbaycanın iqtisadiyyatının, o cümlədən, sənayenin və kənd təsərrüfatının, qısa bir zaman ərzində, əhəmiyyətli dərəcədə dirçəldilməsindən getmir. Əsas məsələ, bütövlükdə, Azərbaycanın milli-mənəvi dəyərlər sisteminin dəyişməsində ifadə olunan yeniliklərdə idi. Məhz bu yeniliklər xüsusi əhəmiyyət, daha böyük məna kəsb edirdi. Əgər mənəvi sahəni əhatə edən dəyişikliklər olmasaydı, o zamankı cəmiyyəti içəridən sarsıdan, dağıdan səbəblər aradan qaldırılmasaydı, yəqin ki, qısa müddətdə, Azərbaycan sürətlə inkişaf edə bilməzdi.

Tarixdən aydındır ki, 1969-cu ildə Heydər Əliyev rəhbər seçiləndə, Azərbaycan o zamankı SSRİ-nin ən geridə qalmış respublikası idi. Sosial-iqtisadi sahədə ciddi geriləmə müşahidə olunurdu. Ulu Öndərin rəhbər seçilməsindən az sonra, respublikanın ilk iqtisadi göstəriciləri, əsl möcüzəyə bənzəyirdi. Belə ki, 1971-ci ildə Azərbaycan inkişafın sürətinə görə, SSRİ-də ən qabaqcıl bir respublikaya çevrildi. Əlbəttə, mənəviyyatı, mənəvi-psixoloji mühiti, insana münasibəti dəyişmədən, insanın həm cəmiyyətə, həm də ölkəyə və rəhbərliyə münasibətini dəyişmədən bu qədər sürətli inkişafı təmin etmək mümkün olmazdı. Ona görə də, Ulu Öndər Heydər Əliyev 50 il bundan əvvəl Azərbaycana rəhbər seçiləndə, qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəviyyatının, mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Cavan, qətiyyətli və enerjili lider bu vəzifənin öhdəsindən layiqincə gəldi.

Böyük tarixi şəxsiyyətlərə zaman özü həmişə ehtiyac duyur və respublikamızın Heydər Əliyevə ehtiyacı olanda, O, bu tarixi missiyanı öz üzərinə götürərək, Azərbaycanda siyasi rəhbərliyə gəldi. Beləliklə, 1969-cu ildə əsası qoyulan yol, müəyyənləşdirilən siyasət Azərbaycana, onun uğurlu inkişafına xidmət etdi. Onun respublikaya rəhbər seçilməsindən sonra, 1970-ci illərdə Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası imicini və adını qazandı. İndi isə məmnunluq hissi ilə deyirik ki, Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil Azərbaycan dövləti bütün dünyada ən dinamik iqtisadiyyatı olan, ən böyük sürətlə inkişaf edən dövlət kimi tanınmışdır. Bu, onu göstərir ki, dahi öndərin Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, yol bütün ideoloji çərçivələrdə əhəmiyyətli dəyişikliklərin baş verməsinə baxmayaraq, xalqımıza, Vətənimizə xidmət edib və bu gün də xidmət etməkdədir.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən sonra Odlar Diyarı əsl yenilik və inkişaf erasına qədəm qoydu. Diqqət edin: keçmiş SSRİ-də Azərbaycanın neçə-neçə yazıçı, şair, bəstəkar, rəssam və memarı Ulu Öndərin böyük səyləri nəticəsində, ən yüksək ada – Sosialist Əməyi Qəhrəmanı adına, eləcə də, SSRİ Dövlət mükafatına layiq görüldü. Ulu Öndər Heydər Əliyev çalışırdı ki, ədəbiyyat və mədəniyyət sahəsində Azərbaycanın nüfuzunu qaldırsın. Böyük şəxsiyyət Heydər Əliyev 70-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil Azərbaycanın iqtisadi, sosial və elmi-texniki potensialının hazırlanmasını böyük uzaqgörənliklə həyata keçirirdi. Məhz bunun nəticəsidir ki, SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin birdən-birə kəsildiyi şəraitdə Azərbaycan yaşaya bildi və uğurla dünya iqtisadi inteqrasiyasına qoşuldu. Ulu Öndərin təşəbbüsü ilə 1970-80-ci illərdə keçmiş İttifaqın ən nüfuzlu təhsil ocaqlarına göndərilən yüzlərlə, minlərlə gənc indi müstəqil respublikamızda ən mürəkkəb siyasi, iqtisadi və mənəvi problemlərin həllində öndə gedir.

Bir sıra tarixçilər və siyasətşünaslar, haqlı olaraq, qeyd edirlər ki, Azərbaycan xalqının iyirminci əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. Çünki həmin tarixdə siyasi hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev, sözün həqiqi mənasında, xalqın həyatında möhtəşəm dəyişikliyə və misilsiz inkişafa nail oldu. Ulu Öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib-hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi".

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində, 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində, Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də, keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bu, Ümummilli Lider Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan Ulu Öndər Heydər Əliyev demişdir: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur".

1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal etmiş, Böyük Vətən Müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Bu məqamdan məharətlə istifadə edən Ulu Öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda və Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin, bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.

Bir həqiqət mövcuddur ki, Azərbaycan var olduqca, Ulu Öndər Heydər Əliyevin adı da onunla bir yerdə çəkiləcək, nə qədər ki, Azərbaycan xalqı Heydər Əliyev yoluna sadiqdir, Azərbaycan da yüksələcək, ucalacaq və dünyanın ən zəngin, qüdrətli və firavan ölkəsi, Heydər Əliyevin şah əsəri kimi özünü daim təsdiqləyəcəkdir. Biz həmişə Heydər Əliyevlə - bu dahi insanla fəxr etmişik. Azərbaycanın qürur mənbəyi Heydər Əliyevdir, onun qurub-yaratdığı müstəqil dövlətimizdir, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevdir. Ulu Öndərimiz daima qəlblərdə yaşayacaq, Heydər Əliyev yolu daim yaşayacaqdır!

Şirvan Əbilov,

Prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...