1969-cu ildən başlanan zəfər yolu

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı ilə birgə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirib.

Öncə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş yarandığını, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlara başlandığını vurğulayıb. Müstəqil Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan, həyat və dövlətçilik fəaliyyətindən söz açaraq, qeyd edib ki, zəngin siyasi irsə, təcrübəyə malik olan Ulu Öndərin banisi olduğu inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin inkişafı istiqamətində davam etdirilir.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlardan danışıb. Bildirib ki, bu gün uğurla həyata keçirilən dövlət-gənclər siyasətinin müəllifi olan Ulu Öndər Heydər Əliyev tərəfindən gənclərə hər zaman xüsusi diqqət-qayğı göstərilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatda olan polkovnikləri Arif Zeynalov və İbrahim Şirinov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə müstəqilliyin möhkəmləndirilməsi, hərtəfəli inkişafa nail olunması, əhalinin sosial

vəziyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən söz açıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub. Sonra "ASAN Könüllülük" məktəbinin təqdimatı və "ASAN Xidmət" Mərkəzi ilə tanışlıq həyata keçirilib. Həmçinin, "Yaşıl ASAN" proqramı ilə tanışlıq məqsədi ilə Sumqayıt Regional "ASAN Xidmət" Mərkəzinə və Təkrar Kağız Emalı Fabrikinə ekskursiyalar təşkil olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə