1969-cu il 14 iyul – Azərbaycanı uğurla gələcəyə aparan yol

Müasir Azərbaycanın dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur. Azərbaycanın Memarı və Qurucusu Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın dinamik inkişafı, aparılan məqsədyönlü, daxili və xarici siyasəti bugünkü möhtəşəm uğurların təməlini qoydu. Xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatında yeni bir tarix yaratdı. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Bu gün Onun Azərbaycana rəhbərlik etdiyi dövrü vərəqlədikcə, Ulu Öndər Heydər Əliyev zəkasını, düşüncəsini, müdrikliyini və böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız və xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanıldı. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində, respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu.

AZƏRBAYCAN XALQININ İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİ HƏYATININ BÜTÜN SAHƏLƏRİNDƏ DİRÇƏLİŞ HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən Ulu Öndər Heydər Əliyev bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş Onun adı ilə bağlıdır.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik, hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətli mübarizə aparırdı.

AZƏRBAYCAN NƏHƏNG BİR TİKİNTİ MEYDANINI XATIRLADIRDI

Dahi Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində, Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən, qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZİ VƏ SUVERENLİYİMİZİ BÜTÜN TƏHLÜKƏLƏRDƏN VƏ TƏHDİDLƏRDƏN XİLAS ETDİ

XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovet İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində, digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizi və suverenliyimizi bütün təhlükələrdən və təhdidlərdən xilas etdi. Xalqın tarixinə iz salan 1993-cü il 15 iyun Azərbaycanın ictimai-siyasi və mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni tarixi dövrün əsası qoyuldu. Onun ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq, demokratik keçid yoluna qədəm qoyuldu.

Beləliklə də, Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin olunması kimi arzusu yerinə yetdi. Həm ideoloji, həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə ölkəmizdə köklü dəyişikliklər baş verdi. 15 iyundan ötən dövrdən Azərbaycan beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində əldə olundu.

QLOBAL MİQYASDA NƏHƏNG NEFT KƏMƏRİ OLAN BAKI-TBİLİSİ-CEYHANIN ƏSASI QOYULDU

Ulu Öndər Heydər Əliyevin böyüklüyünü ifadə edən amillərdən biri də odur ki, O, mövcud vəziyyəti yetərincə qiymətləndirə bilmişdi. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".

"Əsrin Müqaviləsi"nin tərəfdaşı olan ölkələrin, demək olar ki, hər biri dünyada böyük nüfuza və gücə malik ölkə idi. Həmin dövr üçün bu ölkələrin Azərbaycanın tərəfdaşına çevrilmələri təhlükəsizliyimizin təminatına səbəb olan amillərdəndir. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu. "Əsrin Müqaviləsi" sayəsində Azərbaycana birbaşa investisiyalar qoyuldu və ölkəmiz dünya bazarında iqtisadi müttəfiq kimi tanındı. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquq müstəvisində iqtisadi maraqlarını və iqtisadi hüquqlarını qorumağa başladı. Ümummilli Lider fəaliyyəti ilə xalqımızın, dövlətimizin inkişafı və gələcəyi üçün işıqlı bir yol açdı. Bu yol sayəsində, Azərbaycan bu gün dünya dövlətləri sırasında öz nüfuzu ilə fərqlənir. Ulu Öndərin gərgin əməyi sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu, müstəqil dövlətimizin ilk konstitusiyası yaradıldı, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyəti üçün əsaslı zəmin yaradıldı və Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləməyə başladı.

MÜASİR MÜSTƏQİL AZƏRBAYCAN İNKİŞAF YOLUNDA GƏLƏCƏYƏ ƏMİN ADDIMLARLA İRƏLİLƏYİR

Bu gün müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları Heydər Əliyev yolu ilə irəliləyərək, inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində, Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Azərbaycan

Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətini inkişaf etdirərək, ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb. Respublikamız, eyni zamanda, bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi güc mərkəzi modelini yaradıb. Azərbaycan qarşıdakı onilliyin inkişaf istiqamətlərini müəyyənləşdirib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da buna əyani sübutdur. İnkişaf konsepsiyası yeni onilliyin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni və humanitar sektorlarında həyata keçirilməsi hədəf seçilən tədbirlərin müəyyən edilməsini nəzərdə tutur. Qarşıdakı dövrün layihələri ümidverici və irəliyə baxmaq üçün stimulvericidir. Təbii ki, bu nailiyyətlər Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılıb. Dövlətimizin başçısının siyasəti xalqımızın mənafeyinə və xoş sabahına xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni və mənəvi əlaqələri inkişaf etdirir və öz sülhpərvər siyasəti ilə onlara nümunə göstərir. Müstəqil Azərbaycan bir çox beynəlxalq səviyyəli qlobal tədbirlərə ev sahibliyi edir. Çünki dünya dövlətləri ölkəmizi sülh, sabitlik və əmin-amanlıq məkanı kimi qəbul edir. Bu gün bütün dünya - beynəlxalq aləm Azərbaycanın uğurlarına şahidlik edir. Müasir müstəqil Azərbaycan inkişaf yolunda gələcəyə əmin addımlarla irəliləyir. Bütün sahələrdə dayanıqlı inkişafın əldə olunması üçün məqsədyönlü və ardıcıl işlər görülür. Bu inkişaf bütün bölgələrimizin simasında öz əksini tapır. Azərbaycanın rayonları, şəhər, kənd və qəsəbələri öz abadlığı, gözəlliyi və müasir görkəmi ilə fərqlənir.

Bunlarla yanaşı, insanların sosial durumu - həyat şəraiti, mütəmadi olaraq, yaxşılaşdırılır. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük

qələbələrə və zəfərlərə ruhlandırır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu islahatlar kursu bu gün uğurla davam etdirilir. İctimai, siyasi, iqtisadi və hüquqi islahatlar həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir və həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisini şərtləndirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...