“Aydın Qurbanovun vəfatı ilə bağlı ictimaiyyət vaxtında məlumatlandırılıb” - BAŞ PROKURORLUQ:

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti təqsirləndirilən şəxs - Aydın Qurbanovun vəfatı ilə bağlı geniş açıqlama ilə çıxış edib.

Məlumatda qeyd edilir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq iyulun 9-da saat 21:50-də vəfat etmişdir. Bu barədə Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir.

A.Qurbanovun meyiti ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə iyulun 10-da saat 00:20-də Məhkəmə - tibbi ekspertiza və patoloji anatomiya birliyinin Nizami rayon şöbəsinə yerləşdirilmişdir. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilmişdir. Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Bundan sonra həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunmuşdur.

Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olmuş və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...