"Ulu Öndər" sənədli filminin və musiqisinin təqdimat mərasimi keçirilib -TƏDBİR

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan "Ulu öndər" sənədli filminin və mahnının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov, Gənclər və İdman naziri Azad Rəhimov, deputatlar iştirak edib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlərdən danışıb.O , bildirib ki, Heydər Əliyev 1923-2003-cü illərdə yaşayıb, fəaliyyət göstərib, öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda Ümummilli Lider səviyyəsinə yüksəlmiş və dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyətdir: "Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olub. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirib, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb. 1990-cı ilin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda milli-vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın bir-birinin ardınca işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın günü-gündən dərinləşdiyi bir vaxtda Heydər Əliyevin öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıdıb, milli-vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyin bərpası istiqamətində əsl tarixi missiya yaradıb. Nə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti-öz xalqının milli azadlıq və müstəqillik uğrunda mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs verib, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdıbş və xüsusi qurtuluş missiyası həyata keçirərək, milli dövlətçiliyin xilaskarına çevrilib".

Prezidentin köməkçisi bildirib ki, 1993-2003-cü illərdə müstəqil Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılıb, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilib, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılıb, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanıb və həyata keçirilib: "Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin banisi və qurucusuna çevrilib. Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər cür fədakarlığa hazır olmanın əsl nümunəsinə çevrilib. Azərbaycanın uğurlu inkişafının təməlində ulu öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi dayanır. Bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir. Hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir. Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasının, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin və onun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan elitası qarşısında dayanan əsas vəzifələrdəndir".

Sonra Ulu Öndərə həsr olunan sənədli film mahnı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə