Milli Məclis yol hərəkəti ilə bağlı yeni qaydaları son oxunuşda təsdiqlədi

Azərbaycanda yol hərəkətinin səmərəli şəkildə təşkili və yol hərəkəti iştrakçılarının təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi üçün “Üfüqi nişanlanma qrupu”na yeni nişanlanma xətti - “sarı kəsişmə toru” daxil edilir.

SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Hazırda üfüqi nişanlanma xətlərinə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolaqlar daxildir.

Yeni layihədə isə bu zolaqlarla yanaşı, “əlil” tanınma nişanı ilə təchiz edilən nəqliyyat vasitələri üçün ayrılmış duracaq yerini göstərən nişanlanma xətləri və yolun hərəkət hissələrinin kəsişmə yerini göstərən nişanlanma xətləri əlavə edilib.

Hazırkı qanuna görə, yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrininin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və kəsişmə yerlərinə girməsi qadağandır.

Yeni layihəyə görə isə sadalanan hallarda sürücünün qeyd edilən yolayrıcına və 1.25 nişanlanması ilə göstərilmiş, yəni “sarı kəsişmə toru” olan yerlərə daxil olması qadağandır.

Qeyd edək ki, bu yol nişanlanması hazırda nəqliyyat infrastrukturunun sürətli inkişaf etdiyi Böyük Britaniya, Türkiyə, Kanada, İndoneziya, Sinqapur, Rusiya kimi ölkələrdə, ABŞ-ın bir çox ştatlarında uğurla tətbiq edilir.

Layihədə təklif edilən digər yenilik "Məlumatverici-göstərici nişanlar" qrupuna “Daimi sağa dönmə!” nişanının əlavə edilməsi olub.

Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə