“Yay məktəbi” layihəsi gənclər tərəfindən böyük maraqla qarşılanır - RƏYLƏR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi öz işini uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində olan Lerik rayonundakı “Relax” istirahət mərkəzində təşkil olunub. İstirahət mərkəzində beş gün müddətində YAP-ın gənc fəallarına Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilib, fikir mübadiləsi aparılıb. Bu gün keçirilən seminarda Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə iştirak ediblər.

Millət vəkillərinin YAP Gənclər Birliyinin fəal üzvlərinin "Yay məktəbi" haqqında fikirlərini təqdim edirik:

Milli Məclisin komitə sədri Hadi Rəcəbli: “Hər il təşkil olunan “Yay məktəbi” layihəsi gənclər tərəfindən böyük maraqla qarşılanır. Mən tez-tez belə seminnarlarda oluram və hər il gənclərin daha da inkişaf etdiyini müşahidə edirəm. YAP-ın üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir. Heç şübhəsiz ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasəsi kursu, gənclərə xüsusi diqqət və qayğı göstərməsi və digər məqamlar gənclərin partiyamıza üz tutmasını şərtləndirir. Yeni Azərbaycan Partiyasının, o cümlədən Gənclər Birliyinin özündə yüksək intellektual potensiala malik gəncləri birləşdirməsi ilə yanaşı, partiya strukturlarında gender bərabərliyinin təmin olunduğu da müşahidə edilir. Yüksək intellektual səviyyəyə sahib olan gənc xanımlar partiyamıza üz tutur, bir sıra hallarda onlara yüksək etimad göstərilməsinin nəticəsi olaraq idarəetmə strukturlarında təmsil olunurlar”.

Milli Məclisin deputatı İqbal Məmmədov: “Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları uğurla həyata keçirilir. Bu proqramlar Azərbaycanda gəncliyin inkişafına böyük tövhələr verir. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin onlara göstərdiyi etimadı doğrultmalıdırlar. Sevindirici haldır ki, bugünkü gənclikdə bu etimad görünür”.

Milli Məclisin deputatı Pərvin Kərimzadə: “Yeni Azərbaycan partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, ümumiyyətlə ayrı-ayrı layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayırır. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən YAP Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasında eyni zamanda gənclərin fəaliyyətindən də asılıdır”.

YAP-ın gənc fəalı Fərəh Məcidzadə: “Artıq bir neçə gündür ki, YAP-ın gəncləri “Relax” istirahət mərkəzində həm istirahət edir, həm də respublikanın müxtəlif rayonlarından olan partiyanın fəalları ilə ünsiyyət qurur, seminarlarda müxtəlif mövzularda müzakirələr aparırlar. “Yay məktəbi” gənclərin bilik və bacarıqlarının artırılması baxımından çox effektiv bir layihədir. Biz burada müxtəlif mövzularda fikir mübadiləsi aparır, təkliflər verir və suallarımıza cavab tapırıq”.

YAP-ın gənc fəalı Lamiyə Hacızadə: “Yay məktəbi”ndə YAP Səbail rayon təşkilatının fəalı kimi iştirak edir: “Biz bu dilbər guşədə həm istirahət edir, həm də digər iştirakçılarla ünisiyyət yaradırıq. Milli Məclisin deputatları seminnarlarda iştirak edir, suallarımızı cavablandırır, təkliflərimizi dinləyirlər. Biz gənclər təbii, ki onlardan çox şey öyrənir, siyasi və intellekt səviyyəmizi artırırıq”.

YAP-ın gənc fəalı Aliyə Orucova: “Yay məktəbi” gənclərin mariflənməsi və siyasi biliklərinin artırılması baxımından vacibdir. Gənclər bir sıra əhəmiyyətli mövzulara toxunaraq ciddi fikir mübadiləsi aparırlar. Bu müzakirələrdə Milli Məclisin deputatları, YAP-ın rayon təşkilatlarının ən fəal üzvləri və digər qonaqlar iştirak edirlər. Eyni zamanda asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif intellektual oyunlar və idman yarışları keçirilir. Gənclərə belə bir şərait yaratdığı üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Səlim Rəhimzadə: “Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır, dövlət idarəçiliyində irəli çəkilirlər. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb".

YAP-ın gənc fəalı Ramiz Yusubov: “Bir neçə il öncə “Yay məktəbi” layihəsində iştirak etmişəm. Hər il gənclərin daha fəal və istəkli olduğunu müşahidə edirəm. Sevindirici haldır ki, burada olan fəallar uzun müddət bir-biri ilə əlaqə saxlayır, sosial şəbəkələrdə aktivlik nümayiş etdirir, partiya və dövlətin maraqlarına uyğun çıxışlar edirlər”.

YAP-ın gənc fəalı Leyla Quluzadə: “Bu tədbirlər çox yüksək səviyyədə təşkil olunur, gənclər hər zamankından daha fəaldırlar. “Burada olmaq gənclərdə əlavə stimul və həvəs yaradır. Onlar həm əylənir, həm də bilik və bacarıqlarını artırırlar”.

YAP-ın gənc fəalı Namiq Muradov: “Burada gənclər öz inkişaf səviyyələrini artırmaqla yanaşı, qalıcı dostluq əlaqələri yaradır, Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşir, partiyamızın uğurlu siyasətinə dəstək nümayiş etdirirlər.”

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydərli: “Burada millət vəkillərimizlə birlikdə səmimi dialoqda olub, öz siyasi biliklərimizi inkişaf etdiririk. Bununla da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası daim gəclərin yanında olduğunu göstərir”.

YAP Suraxanı rayon təşkilatında məsləhətçisi Ənvər Haqverdiyev: “Artıq bir neçə dəfə yay və qış məktəblərinin iştirakçısı olmuşam. Mənim siyasi sferada gənc kimi inkişafımda məktəblərin əvəzsiz rolu olmuşdur. Nitq, ünsiyyətçilik, özünü ifadə kimi şəxsi qabiliyyətlərimin artırılmasında bu layihələr böyük əhəmiyyətə malikdir. Biz həm dincəlir, həm də müxtəlif təlimlərdə iştirak edirik, eyni zamanda tanınmış siyasi xadimlərlə münasibət qurmaq, onlarla fikir mübadiləsi aparmaq fürsətimiz olur. Bu biz gənclər üçün çox böyük stimuldur”.

YAP Gənclər Birliyinin kordinatoru Aliyə Ağrılı: “YAP müxtəlif sahələri özündə ehtiva edən, cəmiyyətin bütün təbəqələrini əhatə edən layihələr həyata keçirir: “Təbii ki, bu zaman ölkə gəncliyi unudulmur. Onlara diqqət və qayğı göstərilməsi də YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və ölkənin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi ənənəyə çevrilib. Bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda yaşayan bütün gənclərin bir-birini daha yaxından tanıması, onlar arasında səmimi münasibətlərin yaradılması, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqda gənclərə dolğun məlumatların çatdırılması, tanınmış siyasətçilərlə görüşlərin təşkil edilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtın səmərəli təşkili və gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə