Dini icmalara şəhadətnamələr verilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib. Bu barədə SİA-ya DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində uzaqgörənliklə əsasını qoyduğu dövlət-din münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədr müavini vurğulayıb ki, dövlət siyasətinə çevrilmiş tolerantlıq və multikulturalizm ölkəmizi dünyaya müasir və mütərəqqi cəmiyyət modeli kimi təqdim edir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır. S. Heydərov dini icmalara fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalarını və konfessiyalar arasındakı mövcud anlayış və harmoniyaya öz töhfələrini verməyi tövsiyə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...