Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb

İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Ramidə Rüstəmova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edərək deyib: “Naxçıvan Muxtar Respublikasının digər yaşayış məntəqələrində olduğu kimi, Kəngərli rayonunda da bütün sahələr inkişaf etdirilir. Görülən işlər səhiyyə xidmətinin də hərtərəfli təşkilinə imkan verir. Rayon mərkəzi xəstəxanası yenidən qurulub, müasir tibbi avadanlıqlarla təchiz olunub. İcbari tibbi sığortanın tətbiqi də bu tədbirlərin davamı kimi həm səhiyyə işçiləri, həm də sakinlər tərəfindən minnətdarlıqla qarşılanır”.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Kadr hazırlığının aparılması, səhiyyə müəssisələrində ən müasir tibbi avadanlıqların quraşdırılması, yeni texnologiyaların tətbiqi mürəkkəb cərrahi əməliyyatların, eləcə də bütün müayinə və müalicələrin muxtar respublikada aparılmasına imkan verir. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Sədərək və Şərur rayonlarından sonra 2019-cu ilin yanvar ayından Kəngərli rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanılıb və işlər uğurla başa çatdırılıb. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, qarşıya qoyulan vəzifələrin icrasında daha səylə çalışacaqlarına söz verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatları icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar yaradıb. Hazırda muxtar respublikada icbari tibbi sığortanın baza zərfinə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyati vacib tibbi xidmət daxildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq 2017-ci ilin iyulun 1-dən Sədərək rayonunda, 2019-cu ilin iyunun 1-dən isə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb. Ötən dövrdə Sədərək rayonunda yaşayan əhali tərəfindən tibb müəssisələrinə 17 min 826, iyunun 1-də isə Şərur rayon əhalisi tərəfindən tibb müəssisələrinə 3463 müraciət olub. İcbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilərək Kəngərli rayonunda da tətbiqi ilə birlikdə ümumilikdə muxtar respublika üzrə 165 min 76 nəfər sakinə göstərilən 1525 adda tibbi xidmətin maliyyələşməsi agentlik tərəfindən aparılacaqdır. Samiq Sadıxov muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində yaradılan şəraitə görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin başa çatması münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Kəngərli Rayon Mərkəzi Xəstəxanası lazım olan tibbi avadanlıqlarla təmin olunmuş, icbari tibbi sığortanın tətbiqi ilə bağlı qeydiyyat işləri başa çatdırılmışdır. Bu gün Kəngərli Rayon Mərkəzi Xəstəxanası icbari tibbi sığortanın həyata keçirilməsinə tam hazırdır. Rayonda 32 mindən artıq əhali yaşayır. Rayon Mərkəzi Xəstəxanası, 5 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi fəaliyyət göstərir, səhiyyə müəssisələrində 171 nəfərlik tibbi heyət və texniki işçi çalışır. Yaradılan şəraitin nəticəsidir ki, Kəngərli rayonunda tibbi sığortanın baza zərfinə daxil olan 1525 tibbi xidmətdən 400-ə yaxını həyata keçiriləcəkdir. Digər tibbi xidmətlər isə Şərur rayonunda və muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindəki xəstəxanalarda həyata keçiriləcəkdir. Bütün bunlar dövlətin insanlara göstərdiyi qayğının daha bir nümunəsidir.

Qeyd olunub ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Hazırda bu vacib sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün tədbirlər görülür, müasir avadanlıqlar alınıb gətirilir. Yeni tibbi avadanlıqlar müasir həkimlərin formalaşmasına, həmin avadanlıqlardan düzgün istifadə isə müayinə və müalicənin dəqiq aparılmasına imkan verir. Eyni zamanda, Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi nəticəsində həkim və tibb işçilərinin əməkhaqları da artırılacaqdır. Ona görə də səhiyyə sahəsində çalışanlar daim öz üzərlərində işləməli, həkimlər yeni alınmış tibbi avadanlıqları öyrənməli və düzgün tətbiq etməli, muxtar respublikada icbari tibbi sığortanın həyata keçirilməsinə öz töhfələrini verməlidirlər.

Ali Məclisin Sədri deyib: İcbari tibbi sığorta vacib sahədir. Çünki səhiyyə müəssisələrinə müraciət edən insanlar lazımi səviyyədə tibbi xidmət almadıqda xarici ölkələrə üz tuturlar. Bu da ölkəmizin imicinə mənfi təsir göstərir, eyni zamanda, maliyyə vəsaitləri xaricə axır. Lakin icbari tibbi sığortanın tətbiqi insanların keyfiyyətli tibbi xidmətlə təmin olunmasına imkan verəcəkdir. Kəngərli rayonunda da icbari tibbi sığortanın tətbiqi üçün dövlətimiz tərəfindən vəsait ayrılmış, müasir tibbi avadanlıqlar alınaraq quraşdırılmışdır. Artıq muxtar respublikanın üç rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunacaqdır.

Ali Məclisin Sədri kollektivi bir daha təbrik edib, Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, icbari tibbi sığortaya keçidlə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılıb. Xəstəxanada və ambulatoriyalarda 27 kompüter quraşdırılıb, fiberoptik xətt çəkilərək sürətli internet təminatı yaradılıb, mərkəzi server və “Səhiyyə informasiya idarəetmə sistemi” qurulub, agentliyin qeydiyyat məntəqəsi yaradılıb. Bu da imkan verəcəkdir ki, hər bir həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin. Həmin məlumatları icbari tibbi sığortanın tətbiq olunduğu digər səhiyyə müəssisələrində, eləcə də agentlikdə izləmək mümkündür.

Binanın birinci mərtəbəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının qeydiyyat bölməsi, agentliyin qeydiyyat məntəqəsi, qəbul həkimi, Təcili tibbi yardım şöbəsi, ikinci mərtəbədə doğuş zalı, laboratoriya, göz kabinəsi və əməliyyat bloku yerləşir. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə portativ süni tənəffüs aparatı, 2 inyeksiya pompası, 2 infuziya pompası, pulsoksimetr, oftolmaloji proyektor, dioptrimetr, keratorefraktometr, avtotonometr, 1 dəst rəng duyğusu təyini testləri, Doğum və ginekologiya şöbəsinə transport küvez, açıq küvez, dölün ürək döyüntüsünü müəyyən etmək üçün portativ fetal doppler, eləcə də laboratoriya üçün koaquloqram aparatı alınıb.

Xəstəxananın həkimi Coşqun Babayev deyib: “Dünyanın bir çox ölkələrində kurslarda oluruq. Lakin əminliklə demək olar ki, bu gün muxtar respublikanın səhiyyə müəssisələrində quraşdırılan avadanlıqlar, tibbi xidmətin təşkili üçün yaradılan şərait nümunə gücündədir. Qarşımızda duran vəzifə mövcud imkanlardan səmərəli istifadə edərək əhaliyə nümunəvi xidmət göstərməkdir”.

Kəngərli Rayon Mərkəzi Xəstəxanasına yeni təcili tibbi yardım avtomobili təqdim olunub.

Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyatı üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə bağlı bütün işlər başa çatdırılmışdır. Ona görə də bu il avqustun 1-dən etibarən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmalı, həkim və tibb işçilərinin əməkhaqları artırılmalıdır. Əhali arasında maarifləndirmə işləri aparılmalı, sakinlərə icbari tibbi sığortanın əhəmiyyəti barədə məlumat verilməlidir. Muxtar respublikada icbari tibbi sığortanın tətbiq olunacağı növbəti yaşayış məntəqəsi Şahbuz rayonudur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şahbuz rayonunda məlumatlar toplanılmalı, icbari tibbi sığortanın tətbiqi sahəsində işlərə başlanılmalı və ilin sonuna qədər başa çatdırılmalıdır.

“Müalicənin əsasını düzgün müayinə təşkil edir”, - deyən Ali Məclisin Sədri Kəngərli rayonunda da müayinə və müalicələrin düzgün aparılacağına əminliyini bildirib, həkimlərin muxtar respublikanın səhiyyə müəssisələrinə kurslara göndərilməsi, eyni zamanda, rayon mərkəzi xəstəxanasına həkimlərin ezam olunması barədə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə