AMEA-nın tədbirlər planı müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA Ümumi yığıncağının 1 may 2019-cu il tarixli qərarının icrası ilə bağlı Tədbirlər planı” müzakirə edilib. SİA-nın məlumatına görə bildirilib ki, AMEA-nın may ayında keçirilən Ümumi yığıncağında Rəyasət Heyətinə 2019-cu ildə akademiyada icrası zəruri olan bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqların həyata keçirilməsi üçün AMEA Rəyasət Heyəti üzvlərinin, aparatın aparıcı struktur bölmələri və elmi bölmələrin iştirakı ilə müvafiq təkliflər və Tədbirlər planı hazırlanaraq Rəyasət Heyətinə təqdim olunduğu qeyd edilib.

İclasda məsələ ilə bağlı müzakirədən sonra Tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı zəruri elmi, elmi-təşkilati və digər tədbirlərin görülməsi məqsədilə tapşırıqlar verilib.
Tədbirlər planında Xəzər dənizinin multidissiplinar elmi problemlərinin həlli üçün kompleks tədqiqatların planlaşdırılması, biologiya və tibb sahəsində kristalloqrafiya üzrə tədqiqatlar, Azərbaycanda demoqrafiya prosesləri, bioarxeoloji rekonstruksiyalar, insanın morfologiyası, paleopatologiya, paleogenomika, kompüter tomoqrafiyası, 3D həndəsə və paleo DNT sahəsində tədqiqatların genişləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycanda etnoslararası qarşılıqlı təsirin müxtəlif aspektlərinin öyrənilməsi, beynəlxalq münasibətlər sisteminin müasir əsaslarının formalaşdırılması, AMEA-da doktorantura təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasının təmin edilməsi, elektron dövlətin informasiya resurslarının yaradılması, Azərbaycanda supermolekulyar kimyanın inkişafı, süni intellekt sistemlərinin kompüter modelləşdirilməsi və s. istiqamətlərdə müvafiq tədbirlərin icrası da sənəddə yer alır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...