Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bəyan edib ki, NATO ilk dəfə özünün kosmik strategiyasını hazırlayıb. SİA alyansın rəsmi saytına istinadla xəbər verir ki, strategiyanı iyunun 26-27-də Brüsseldə keçiriləcək NATO-ya üzv dövlətlərin Müdafiə nazirləri müzakirə edəcəklər. Sənəddə Şimali Atlantika Alyansının kosmosdan gələcək təhdidlərə necə cavab verəcəyi məsələsi əks olunub. NATO-nun baş katibi bildirib ki, kosmos məkanı həm sülh məqsədləri, həm də hərbi təcavüzlər üçün istifadə edilə bilər.

NATO-ya üzv ölkələrin Müdafiə nazirləri alyansın fəaliyyətinin təkmilləşdirilməsi məsələlərini də müzakirə edəcəklər. Y.Stoltenberqin sözlərinə görə, gündəlikdə duran əsas məsələlər təşkilatın maliyyə yükünün ədalətli bölünməsi, silah və texnologiyaların daha da təkmilləşdirilməsi, Əfqanıstanda sülhməramlı missiyanın perspektivləridir. O əlavə edib ki, Avropa ölkələri və Kanadanın son illər alyansa yüz milyardlarla dollar maliyyə vəsaiti köçürməsi bu planları həyata keçirməyə imkan verir. Baş katib qeyd edib ki, NATO Əfqanıstanda sülhün bərqərar olması üzrə ABŞ-ın səylərini dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə